“Sevilya” – “Zalsburq” matçı Çempionlar Liqasının tarixinə düşdü

Futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, mövsümün ilk oyunlarından biri olan “Sevilya” (İspaniya) – “Zalsburq” (Avstriya) matçında yeni rekordlar qeydə alınıb.

Belə ki, bu matçın ilk hissəsində Belarusdan olan baş hakim Aleksey Kulbakov dörd penalti təyin edib. 12-ci dəqiqədə “Sevilya”nın qapıçısı Bono rəqib futbolçu Kərim Adeyemiyə qarşı kobudluq etdiyi üçün penaltiyə səbəb olub. Lakin 11 metrlik nöqtəyə yaxınlaşan Adeyemi penaltidən dəqiq yararlana bilməyib. 20-ci dəqiqədə isə “Sevilya”nın digər futbolçusu Xesus Navas Adeyemiyə qarşı kobud oynayıb. Bu dəfə 11 metrlik nöqtəyə Luka Suçiç yaxınlaşıb və komandasını 1:0 önə keçirib. 36-cı dəqiqədə Bono növbəti dəfə cərimə meydançasında Adeyemiyə qarşı qaydanı pozub. Bununla da Kərim bir ÇL matçında komandasına üç penalti qazandırmağa nail olan ilk futbolçu kimi tarixə düşüb. Lakin ilk penaltisini qola çevirən Suçiç, ikinci cəhdində sağ dirəyi nişan alıb.

40-cı dəqiqədə isə “Sevilya” penalti qazanıb. İvan Rakitiç bu şansdan maksimum yarlarlanıb və hesabı 1:1 edib. Yeri gəlmişkən, Rakitiçin bu qolu da əlamətdar olub. Belə ki, xorvatiyalı futbolçu “Sevilya”nın avrokuboklardakı 100-cü qolunun müəllifinə çevrilib.

İkinci hissədə başqa penalti və qol qeydə alınmadığından, matç 1:1 hesabıyla başa çatıb. Bununla da “Sevilya” – “Zalsburq” oyunu ÇL tarixinə düşüb. Çünki ilk dəfə bir ÇL matçında bu qədər penalti təyin olunub.