
Ayxan Abbasov: “Təəssüf ki, bizdə 100 Nəriman Axundzadə yoxdur”
Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin çıxışı həm idmand mediası, həm futbol ictimaiyyəti, həm də azarkeşlər arasında birmənalı qarşılanmır. Onun çıxışı ilə bağlı fikirlər müxtəlifdir. Bir qism insan Axundzadənin Avropanın orta səviyyəli klublarında oynaya biləcəyini deyir, digərləri isə hələ onu o səviyyədə görmür.
Bununla bağlı Azərbaycan millisinin (həm də “Şamaxı”nın) baş məşqçisi Ayxan Abbasovun fikirləri maraqlı idi. Abbasov Komanda.az-a açıqlamasında Nərimanın potensiallı futbolçu olduğunu bildirdi:
“Nəriman Axundzadə potensiallı futbolçumuzdur. Məncə, bu gün Avropada oynaya bilər. Bilirsiz, biz özümüzünkü olan oyunçulara qiymət vermirik. Nə mənada… Bir az daha neqativ danışırıq. Sanki bizdə yüz Nəriman var və “eybi yox, bu olmasın, digər Nəriman olacaq” kimi. Ancaq təəssüf ki, bizdə 100 Nəriman yoxdur. Baxsaq, hələ bir-iki Nərimanımız var. Bu gün milli komandaya oyunçu çağırmaqda çətinlik çəkirik. Məncə, belə neqativ hallarla futbolçuların üstünə getmək yaxşı deyil. Ümumən, son illərdə hansısa futbolçunu həm azarkeşlər, həm media “qaralayır”. Əlbəttə, zəif oyunu ola bilər, hər dəfə sabit oynamaya bilər. Cavandır, gənc yaşlarında UEFA Çempionlar Liqasında oynayır, qol vurur. “Qarabağ”ın önəmli oyunçularından biridir. Öz üzərində çalışmalıdır, Avropaya getsə, daha çox sevinərik – Azərbaycanı təmsil edər”.
Abbasovun “Nərimanın Avropa səviyyəsinə yüksəlməsi üçün hansı xüsusiyyətləri inkişaf etdirməsinin vacibliyini və onun mental, həmçinin, fiziki hazırlığını necə görürsüz” sualına cavabı belə oldu:
“Tək Nəriman yox, ümumən, bizim futbolçularımız psixoloji hazır olmalıdırlar. Gənc futbolçularımıza da bu lazımdır. Mental olaraq artırmalıdırlar. Bu da futbolçuların günahı deyil ki. Onları akademiyalarda, gənc yaşlarında hazırlamalıdırlar. Bu gün sual vermək lazımdır ki, biz bu yöndə hansı işləri görmüşük ki, futbolçularımızın üstünə gedirik ki, onda o yoxdur. Çətindir, bizim futbolçularımıza da çətindir. Bu gün iki-üç akademiyamız var ki, oyunçuları turnirlərə gedir. Daha çox turnirlərdə olmalıdırlar, daha çox böyük oyun oynamalıdırlar, Avropa komandalarını görməlidirlər. Bax, futbolçular oralarda böyüməlidirlər. Orda olsaq, futbolçular daha başqa psixologiyada olacaqlar”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



