Hamını narahat edən məğlubiyyət: Qəza, yoxsa sistemli problemlərin nəticəsi?

Fəxri Rüstəmli

“Şamaxı” dünən Azərbaycan Premyer Liqasının 17-ci turunda doğma meydanda “Qəbələ”ni qəbul edirdi. Kağız üzərində bu oyun balanslı qarşıdurma təsiri bağışlasa da, meydanda baş verənlər tam əksini göstərdi. Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hər iki komanda ehtiyatlı oynayır, riskə getmirdi. Qapılar qarşısında real təhlükə az idi və oyun sanki 0:0 hesabı ilə fasiləyə gedirdi. Ta ki, 44-cü dəqiqəyə qədər.

Həmin an tribunalar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirməyə başlamışdı. Bu şüar adətən uzunömürlü olur, amma bu dəfə davam etmədi. Sanki futbol da, tribuna da yarımçıq qaldı. “Qəbələ”nin yarımmüdafiəçisi Domi Massumo müdafiədəki boşluqdan məharətlə istifadə edərək, hesabı açdı və “Şamaxı” üçün oyunun psixoloji qırılma nöqtəsi məhz həmin an oldu.

İkinci hissəyə “Şamaxı”dan reaksiya gözlənilsə də, meydanda tamam fərqli mənzərə ortaya çıxdı. “Qəbələ” yenidən fərqlənərək hesabı 2:0-a çatdırdı və bundan sonra oyunu tam nəzarətə götürdü. Sonrakı dəqiqələrdə daha iki qol vuran qonaqlar meydanda sözün əsl mənasında üstünlüyünü diktə etdi və “şirlər” üzərində darmadağını rəsmiləşdirdi. Debütant üçün bu qələbə mövsümün ikinci yarısına verilən çox inamlı mesaj idi. Qarşıdakı oyunlarda “Qəbələ”nin necə təsir bağışlayacağını zaman göstərəcək. Bu gün mövzumuz bu deyil.

Bizim əsas diqqət etməli olduğumuz məqam tamam başqadır. Söhbət Azərbaycan milli komandasının da baş məşqçisi olan Ayxan Abbasovun rəhbərlik etdiyi “Şamaxı”nın Premyer Liqaya yeni qatılan bir komanda qarşısında bu qədər aciz, məzmunsuz və ruhsuz çıxış etməsindən gedir. Sual açıqdır: Bu, sadəcə futbol qəzası idi, yoxsa sistemli problemin nəticəsi?

Oyundan sonra keçirilən mətbuat konfransında Ayxan Abbasov məğlubiyyətin üzücü olduğunu bildirdi. Amma səbəblərə gələndə yenə də ümumi ifadələr, böyük itkilər, bəxtsizlik və oxşar arqumentlər ön plana çıxdı. Konkretlik yox idi. Halbuki, debutanta qarşı belə ağır hesablı məğlubiyyət təkcə itkilərlə izah oluna bilməz. Futbolda hər şey ola bilər, amma doğma azarkeşlər önündə darmadağının qəbul edilməsi çətindir. Bu, nə baş məşqçiyə, nə də komandaya yaraşır.

Onsuz da “Şamaxı” şəhər stadionuna 3-5 sadiq azarkeş gəlir. Onlar da komandanın meydandakı bu ruhsuz oyununu, mübarizəsizliyini görüb, matç bitməmiş tribunaları tərk edirlər. Azarkeş meydanda oynaya, vuruşa, mübarizə apara bilməz. Onun yeganə etiraz forması arxasını çevirib getməkdir. Və bu, artıq təhlükəli siqnaldır.

Dünən “Şamaxı” çox vacib xallar itirdi. Ona görə vacib ki, qarşıda daha çətin oyunlar var. Bu gün “Qəbələ”dən xal ala bilmirsənsə, sabah vəziyyət daha da ağırlaşacaq. Növbəti turda “Kəpəz”lə oyun var. O “Kəpəz” ki, elə həmin gün UEFA Çempionlar Liqasında çıxış edən, illərdir Premyer Liqanın dəyişməz çempionu “Qarabağ”ı səfərdə 2:0 hesabı ilə məğlub etməyi bacardı. Ağdamlıların oyuna ikinci heyətlə çıxması belə, gəncəlilərin bu uğuruna kölgə sala bilməz.

İndi sual Ayxan Abbasovadır: Bu “Şamaxı”nı belə bir rəqibə qarşı necə hazırlayacaqsız? Mən təkcə “Kəpəz”i misal çəkirəm. Digər rəqibləri düşünəndə vəziyyət daha da vahiməli görünür. Debütant “Qəbələ”yə qarşı bu cür darmadağın və aciz mübarizənin əsas məsuliyyəti istər-istəməz baş məşqçinin üzərinə düşür.

Və nəhayət, ən vacib məqam: milli komanda faktoru. Futbol ictimaiyyətində artıq belə bir fikir formalaşır ki, klub səviyyəsində bu cür futbol oynadan baş məşqçidən milli komandada ciddi irəliləyiş gözləmək çətindir. Daha əvvəl Fernandu Santuşu yola salan AFFA rəhbərliyi də millinin baş məşqçisinin “sükanı arxasında” olduğu “Şamaxı”nın belə bərbad uduzmasına görə narahat olmaya bilməz. Görünən odur ki, Ayxan Abbasov üçün həm klubda, həm də millidə cavabdeh olduğu dövr getdikcə daha ciddi sınağa çevrilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button