Salam, Elxan Məmmədov

Rəşad Ergün

Salam, Elxan Məmmədov!

Futbolda xoşbəxtliyin nə olduğunu daddırmağı, yaşatmağı, hiss etdirməyi, həzz aldırmağı öhdəliyimizə götürdüyümüz Lixtenşteynin bir ovuc əhalisinin sənə, səni AFFA-nın baş katibi postunda saxlayanlara “salam”ı var!

Siz hər dəfə milli komandalarda baş məşqçiləri əlcək kimi dəyişdikcə, biabırçı nəticələr dəyişmədikcə ünvanınıza “bunların hamısının…” deyib, yağlı söyüşlər söyən qonşumuz Əlövsət kişinin sənə, səni AFFA-nın baş katibi postunda saxlayanlara “salam”ı var!

Bir vaqon pul töküb tikdirdiyiniz Bakı Olimpiya Stadionuna hər dəfə oyun izləmək üçün gedib ordan ayrılanda “Optika”ya gedirəm, eynək alacam, gözlərim ağrıyır” deyən adamların hamısının sənə, səni AFFA-nın baş katibi postunda saxlayanlara, Bakı Olimpiya Stadionunun “proyekt”inə, o “proyekt”i fikirləşənlərə “salam”ı var!

Milli komandanın baş məşqçi postuna “bəh-bəh”lə gətirib, urvatsız şəkildə qovduğunuz Qurban Qurbanovun sənə, səni AFFA-nın baş katibi postunda saxlayanlara “salam”ı var!

Bəyənməyib U-21-in “sükanı arxasından” göndərdiyiniz Rəşad Sadıqovun sənə, Milan Obradoviçə qucaq-qucaq “salam”ı var!

Milli komandaların hər rüsvayçı oyunundan sonra təzyiqi qalxan, bir az daha qocalan zaqatalalı İnqilab Soltanovun, bakılı İlqar Həmzəyevin, adlarını unutduğum başqa yüzlərlə, minlərlə azara saldığınız azarkeşlərin sənə, səni AFFA-nın baş katibi postunda saxlayanlara “salam”ı var!

İdman mətbuatının satın ala bilmədiyiniz kəsiminin sənə, səni AFFA-nın baş katibi postunda saxlayanlara “salam”ı var!

Adı gələndə şalvarı buladığınız, hürkdüyünüz, üyütdüyünüz Henrix Mxitaryanın sənə, səni AFFA-nın baş katibi postunda saxlayanlara “salam”ı var!

Bütün Azərbaycanın, Ermənistanın, hətta “Çelsi”nin, “Arsenal”ın sənə, səni AFFA-nın baş katibi postunda saxlayanlara “salam”ı var, cənab baş katib!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button