“Bu komandanı çıxsaq, Xorvatiya və Azərbaycan çempionatlarını bərabər saya bilərik” – Müsahibə

“Sabah”ın yeni baş məşqçisi Jelko Sopiçin Komanda.az saytına müsahibəsi:

  • “Sabah”a gəlişiniz necə alındı?
  • Son iki ildə mən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) oldum. “Əl Ayn” klubunda baş məşqçinin köməkçisi kimi çalışırıdım və bu komanda ilə kubok qazandım. Bundan sonra U-21 komandasına təyin olundum və 7 il sonra titul qazandıq. Həmin vaxt başqa təklifi dəyərləndirmək niyyətində deyildim. Çünki oğlum Niderlandda “Emmen” klubuyla yenicə müqavilə bağlamışdı. Onun cəmi 18 yaşı var idi. Onun yanında olmaq istəyirdim. Lakin daha sonra “Sabah”dan təklif gəldi. Danışdıq, bu klubun gələcək planları, strategiyası mənim diqqətimi çəkdi və razılığa gəldik. Azərbaycan futbolu haqda məlumatım var idi. Vaxtilə millinizi çalışdırmış Roberto Prosineçkinin köməkçisi Tsipriçlə danışmışdım. Hazırda milli komandanın baş məşqçisi Nikola Yurçeviçin köməkçisi Tokiç də mənim yaxın dostumdur. “Sabah”ın təklifi gəlincə, çox düşünmədim.
  • Daha əvvəl Azərbaycan futbolu haqda hansısa məlumatınız var idimi?
  • Azərbaycan futbolu haqda məlumatım var idi, klubları bilirdim. İşimə daha yaxşı hazırlaşmaq üçün “Sabah”ın, “Neftçi”nin, “Qarabağ”ın oyunlarını izlədim. Oyunları izlədikdən sonra Azərbaycan futbolu haqda müəyyən təsəvvürlərim formalaşdı.
  • Uzun müddət Xorvatiyada çalışdıqdan sonra 2017-ci ildə BƏƏ-yə getdiz, indi isə Azərbaycana gəldiz. Azərbaycanda qısa zaman keçirsəz də, bu üç ölkə futbolunda hansı fərqləri müşahidə edirsiz?
  • Fərqlər çoxdur. BƏƏ-də böyük pullara oynayan ulduz legionerlər var. Ancaq yerli futbolçular istənilən səviyyədə deyil. Xorvatiyada çox yaxşı futbol var. Amma tək problemimiz pulumuzun çox olmamasıdır. Və biz ən yaxşı oyunçularımızı 17-24 yaşına qədər Xorvatiyada saxlaya bilirik. BƏƏ və Azərbaycan arasında əsas fərq Azəbaycanda futbol daha yaxşıdır. Düşünürəm ki, Azərbaycandakı futbolçular daha peşəkardır. “Dinamo” Xorvatiyanın ən yaxşı komandasıdır. Bu komandanı çıxsaq, Xorvatiya və Azərbaycan çempionatlarını bərabər saya bilərik. Sizdə “Qarabağ” və “Neftçi” kimi yaxşı futbolçulara malik komandalar var.
  • Əvvəlcə Premyer Liqada “Qarabağ”la, daha sonra isə kubokda “Ağsu” ilə qarşılaşdız. Bu oyunlarda hansısa futbolçu gözünüzə girməyi bacardımı?
  • Mən bu haqda komanda daxilində futbolçularla söhbət edirəm. Futbolçularımla bağlı kənarda danışmağı düzgün hesab eləmirəm. “Qarabağ” və “Ağsu” ilə oyunlardan sonra futbolçularla danışdım. Həmin oyunların müsbət və mənfi yönləri barədə məlumat verdim. Lakin qeyd etdiyim kimi, bu, daxili məsələdir. Məncə, bunlar elə paltardəyişmə otağında da qalmalıdır.
  • Komandada dəyişmək istədikləriniz nələrdir?
  • Çox zaman danışıram ki, ilk olaraq komandadakı futbolçular mənə meydanda nələr bacardıqlarını göstərməlidirlər. Sonra mən qərarımı verirəm. Hazırda “Sabah”da çalışdığıma görə çox şadam. Fikrimcə, komandamız günbəgün inkişaf edir. Bu, ev tikməyə bənzəyir. Biz düzgün yoldayıq.
  • Bura gəlməkdə əsas hədəfləriniz nədir?
  • Bura gəlməkdə əsas məqsədim, bu komandanı gələcək üçün daha yaxşı etməkdir. Mən gələcək dedikdə 4-5 ili nəzərdə tutmuram. Mən qışdan sonra və növbəti il üçün nəzərdə tuturam. Mənim baş məşqçi kimi hədəfim hər şeyi düzgün edib, yaxşı nəticələr qazanmaqdır. Bunu kluba gələndə ilk söhbətimdə də dedim. Biz hər şey haqda danışdıq. Mənim lüğətimdə mümkünsüz deyə bir şey yoxdur. Bu, mənim futbol fəlsəfəmdə yoxdur. Hər şey mümkündür və biz birlikdə nələrsə etmək üçün çox çalışmalıyıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button