“Sabah da qələbə qazanmağa çalışacağıq” – Şvarqa

“Rakuv”un baş məşqçisi David Şvarqa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la keçiriləcək cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, “Rakuv”un çalışdırıcısı görüşlə bağlı fikirlərini bildirib:

“Burada olduğumuz üçün çox şadıq. Eyni gücə sahib iki komanda üz-üzə gələcək. Hər iki kollektiv fərqli oyun üslublarına sahibdirlər. “Qarabağ”ın potensialı ilə tanış olmaq üçün yaxşı imkanımız olub. Sabah “Rakuv”un gücünü meydançada görəcəyik.”

Şvarqa, “Sabahkı oyunda əsas məqsədiniz qələbə hesabını qoruyub saxlamaq olacaq” sualını belə cavablandırıb:

“Əlbəttə, buraya gəlməkdə məqsədimiz qələbə qazanmaqdır. Keçən matçda bir qol fərqi ilə qələbə qazandıq. Sabahkı görüşdə də qələbə qazanmağa çalışacağıq”.

Şvarqa matçın penaltilər seriyasına uzanacağı halda, qapıçıya çox yükün düşəcəyini deyib:

“Avrokubokların bütün mərhələlərində olduğu kimi, penaltilər seriyasına da hazırlaşırıq. Biz belə oyunlara həssaslıqla yanaşırıq. Qapıçımıza çox yük düşə bilər. Bizim qolkiperimiz hazırlıqlıdır.

“Qarabağ”ın qapıçısının səhv etməsi bizimlə bağlı məsələ deyil. Zəif nöqtələri özümüz üçün qeyd edirik. Öz oyunumuza və matçın gedişatına diqqət yetirməyi düşünürük”.

“Rakuv”un “sükanı arxasında” olan mütəxəssis “Qarabağ”ın ötən mövsüm Polşanın digər klubu – “Lex”lə avrokuboklar çərçivəsində Bakıda tutan oyunlarını analiz etdiklərini də vurğulayıb:

“Biz rəqibin digər oyunlarına baxmışıq, onları analiz etmişik. “Lex”lə “Rakuv” fərqli komandalar hesab olunmalıdır”.

33 yaşlı çalışdırıcı komandasının fiziki durumu ilə bağlı ünvanlanan sualı belə cavablayıb:

“Fikrimcə, fiziki durumla bağlı açıqlama vermək düzgün deyil. Bu haqda məlumat vermək barədə fikrim yoxdur. Hər gün hazırlıqlar davam edir. Heç bir problem gözləmirik.

Komandada dəyişikliklər barədə öncədən qərar vermişik. Bir futbolçu haqda bu gün düşünəcəyik. Çətin oyunlara öyrəşmişik. Necə oynamaq lazımdırsa, bu haqda məlumatlıyıq”.

Xatırladaq ki, ilk görüş Polşa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button