“Səbail”in lideri olaraq qalmaq istəyirəm” – Ramazanov

“Səbail”in yarımmüdafiəçisi Ağabala Ramazanov klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu yenidən “dənizçilər”in sırasına qoşulmasından danışıb:

– 2 ildən sonra yenidən “Səbail” ailəsindəsən. Öncə bununla bağlı təəssüratlarını öyrənmək istərdik. Burada olmadığın müddətdə nələr dəyişib?
– “Səbail”lə bağlı hər zaman müsbət fikirdə olmuşam. Çünki burada çox gözəl günlər yaşamışam. Karyeramın ən yaxşı dönəmlərindən biri idi. Bu komanda ilə məzmunlu oyunlarımız olub. Burada yaxşı qollar vurmuşam. İndi də komandam üçün əlimdən gələnin ən yaxşısını ortaya qoymaq üçün səbirsizlənirəm.

– Azərbaycan futbolunda emosionallığı ilə fərqlənən nadir futbolçulardansan. Burada ilk gəlişində də komanda yoldaşın və ya qol vura bilməyəndə çox əsəbi olduğun hiss edilirdi. Qol olanda isə ən böyük sevinci məhz sən göstərirdin. Bu emosianallıq nədən qaynaqlanır?
– Ümumiyyətlə uduzmağı bacarmayan biriyəm. Uşaqlığımdan bəri hər zaman çalışmışam ki, hansısa bir turnirdə müvafiq cədvəl varsa, mən ilk pillələrdə olum. Oyunda qalibiyyət varsa, onu qazanmaq üçün bütün gücümü ortaya qoyacağam. Özümdən çox hansı komanda yoldaşım daha yaxşı vəziyyətdədirsə, onun qol vurmasını daha çox istəmişəm. Qol olanda sevinmişəm, olmayanda da bir anlıq əsəbləşmişəm. Çalışıram ki, komandam üçün ən yaxşısı nədirsə, onu edim. Çılğınlıq bundan qaynaqlanır.

– “Səbail” tarixində ən çox qol vuran futbolçusan. Bu rekordu qorumaq üçün qarşına hədəflər qoymusan?
– Əlbəttə, bunun üçün çalışacağam. 14 qol elə də çox deyil. Çalışacağam ki, rəqəm daha da artsın. 2 illik müqavilə imzalamışam. Bu müddətdə də ən yaxşısını etmək niyyətindəyəm. Lider olaraq qalmaq istəyirəm.

– Komanda yenidən qurulur. Ab-hava səni qane edir?
– Bəli, komandamızda yeni simalar var. Hazırda ab-hava çox yüksək səviyyədədir. “Səbail” ailəsinə yeni qoşulan legionerlər də tez bir zamanda komandaya uyğunlaşıblar. Biz təcrübəli futbolçuların üzərinə düşən vəzifə həm gənclərə, həm də legionerlərimizə xoş münasibət göstərib, komandamızın uğurları üçün çalışmağı öyrətməkdir. Bu futbolçularla ünsiyyətimizin yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik. Hamımız bir yumruq olub komandamızın uğurları üçün vuruşacağıq.

– Hücum xətti sənin üzərində qurulur deyə bilərik. Ətrafında hansı gənc futbolçuları vurğulaya bilərsən?
– Perspektivli gənclərimiz var. Onlarla birlikdə uğur qazanmaq üçün çalışacağıq.

– Rahid Əmirquliyev və sənin “Səbail”lə bağladığın müqavilərin hər biri eyni zamana təsadüf edib. Səncə, bu təsadüfdür? Unutmayaq ki, ikinizin meydandakı işbirliyi də hər zaman uğurlu alınıb.
– Rahidlə həm meydanda, həm də meydandankənar dostluq münasibətimiz var. İlk dəfə 10 il öncə birlikdə “Xəzər Lənkəran”da çıxış etmişik. Bir-birimizi uzun müddətdir tanıyırıq. Futbol başqadır, bizim dostluğumuz isə bir başqadır. Müqavilə məsələsi isə tamamilə təsadüfdür.

– Azarkeşlər səni yenidən “Səbail” formasında görəcəkləri üçün sevinirlər, həm də buna görə səbirsizlənirlər. “Dənizçilər”in sənə olan gözləntiləri böyükdür. Təbii ki, bu üzərindəki məsuliyyəti daha da artırır. Tərəfdarlara nə demək istəyirsən?
– Azarkeşlərimiz məndən çox şey gözləyir. Mən də onları sevindirmək üçün əvvəlkindən də çox çalışacağam. Müqavilə bağladığım andan üzərimə düşən yükü yaxşı başa düşürəm. Onlar həm məndən, həm də komandadan daha çox qollar tələb edir. Məndən gözləntiləri isə böyükdür. Buraya gəldiyim gündən etibarən bu məsuliyyəti üzərimdə hiss edirəm. Onlar üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Buna əmin olun!

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button