“Sənə futbolçu deyənin…”

Rəşad Ergün

Mahir Emreli nə futbolçu kimi futbolçu ola bildi, nə də şəxsiyyət kimi şəxsiyyət. Yaxşı futbolçu olmaq üçün möhkəm xarakter, inadkarlıq, peşəkarlıq da lazımdır. Azərbaycanlı futbolçuların 99 faizində olmayan şeylərdir. Qalan 1 faiz də ola bilsin, hələ futbola yenicə addımlarını atan azyaşlı uşaqların arasındadır, onlar da böyüyüncə ən yaxşı halda Emreli səviyyəsində futbolçu olacaqlar. “Lester”ə qol vurmaqla, Polşa çempionatında bir neçə dəfə fərqlənməklə böyük futbolçu olmaz. Ona qalsa, Mahir əvvəlki baş məşqçinin – Mixneviçin qovulmasının birbaşa səbəbkarıdır. Unutmuşam, hansı oyun idi, Emreli ayağına düşən topları dirəklərə çırpmışdı, yazıq Mixneviçin sonunu da elə həmin qaçırılan qol epizodları gətirmişdi. Həmin epizodlara görə Azərbaycanda avtobusa girib futbolçunu döyməsələr də, ən azı, “sənə futbolçu deyənin…” təhqiri yüz faiz olardı. Özü də, elə bu gün Mahiri ulduz futbolçu kimi mədh edən jurnalistlərin dilindən, qələmindən. Nə isə…

Ya zəlzələdən, ya vəlvələdən, görünən budur ki, bu qısır ölkədən normal futbolçu çıxmır, çıxara bilmirik, çıxardıqlarımız da “defekt” çıxır. Ya futbolu ilə, ya da şəxsiyyəti ilə, davranışları, xarakteri ilə.