“Qarabağ” qələbəyə layiq idi” – Erlinq Moe

Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe Bakıda “Qarabağ”a qarşı keçirdikləri Avropa Liqasının qrup mərhələsinin 1-ci tur oyunundan (0:1) sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bilirdik ki, “Qarabağ” hücum futbolu oynayır və bizi öndə sıxacaq. Yaxşı təzyiq göstərməyi bacaran kollektivdir. Bunu da gördük. “Qarabağ” qələbəyə layiq idi. Hər zaman müdafiədən oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı düzgün saymıram. Evdə daha yaxşı oyun göstərəcəyimizə inanıram.

Məğlub olmağı sevmirəm. Bu üzdən özümü yaxşı hiss etmirəm. Ancaq deməliyəm ki, yaxşı oynamadıq. Xüsusən də, müdafiədən çıxarkən ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansından məyusam. Ümid edirəm ki, növbəti görüşlərdə daha yaxşı olacağıq”.

Moe komandaların qrupdan çıxmaq şanslarına da toxunub:

“Məncə, nəsə demək üçün hələ tezdir. Cəmi bir tur keçib. Bir neçə oyundan sonra konkret nəsə demək olar. Qrupun favoriti “Bayer”dir. Onlar Almaniyanın ən yaxşı ikinci klubudur. Digər üç komanda ikinci yer uğrunda mübarizə aparacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button