“Qalatasaray”la “Qarabağ” oxşar komandalardır” – “Molde”nin baş məşqçisi

Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda təşkil edilən mətbuat konfransında səfərdə uğurlu nəticəyə ümid etdiklərini bildirib.

Moe Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib: “Qarabağ” 3 il əvvəl qarşılaşdığımız komanda ilə müqayisədə daha da güclənib. Bu komandanın tarixi ilə maraqlanmışam. Çox uğurlu baş məşqçiləri var. Hər il inkişaf edən komandadır. “Qarabağ”ı böyük klub hesab edirəm”.

O, Bakının gözəl şəhər olduğunu söyləyib: “Bakıda bir neçə gün vaxt keçirməyi planlaşdırırıq. Hava limanından gələrkən şəhəri seyr etdik. Məncə, paytaxtınızla qürur duya bilərsiniz. Çünki Bakı çox gözəl şəhərdir”.

Moe “Qarabağ”a qarşı müdafiədən oynamayacaqlarını vurğulayıb: “Futbolda özünəinam ən önəmli amildir. Nəyisə inkişaf etdirmək üçün ilk növbədə özünə inam olmalıdır. Sabah top bizdə olarkən fürsətlər yaratmağa, özümüz kimi olmağa çalışacağıq. Geriyə çəkilib müdafiədə oturmağı, əks-hücum futbolu sərgiləməyi planlaşdırmırıq. “Qarabağ”a qarşı mübariz oyun göstərəcəyik. Rəqib istər “Qalatasaray”, istərsə də “Qarabağ” olsun, məqsədimiz öz oyunumuzu göstərməkdir”.

“Molde”nin baş məşqçisi “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsində məğlub olduqları Türkiyənin “Qalatasaray” klubu ilə müqayisə edib: “Qalatasaray”la “Qarabağ” oxşar komandalardır. Əsas fərq “Qalatasaray”da böyük futbolçuların olmasıdır. “Qarabağ”ın üstünlüyü isə bir kollektiv kimi çıxış etməkdir. Sabahkı matçda da inanmıram ki, oyunun taleyini konkret hansısa futbolçu həll edəcək. Hər iki tərəfdə itkilər var”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button