Ramin Musayev: “Azərbaycan millisinin oyunçularının 90 faizi özünü zədədən qoruyur”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postunda saxlanmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin də üzvü olan Musayev, italyan mütəxəssisi dəstəkləyənlərdən olduğunu söyləyib:

“Mən dəstəkçilərdən biri idim. Niyə? Faydalı iş üçün çox az vaxtı var idi. Baş məşqçidən nəticə istəyirsizsə, ona vaxt verməlisiz. Onu tərifləyib, futbolçuları tənqid etmək istəmirəm, ancaq bir həqiqət var və bu, qəbul edilməlidi. De Byazi olmasa belə, bu heyətlə maksimum 5-6 xal toplamaq olar, qrupdan çıxmaq isə reallığa uyğun deyil. “Zirə”nin kapitanı Ağabala Ramazanov istisna olmaqla dəvət edilə biləcək, ancaq çağırılmayan hansısa futbolçu görmədim. Hər kəsə özünü göstərmək imkanı verdi, hamıya baxdı. Heç kimi günahkar çıxarmaq istəmirəm, ancaq bu komandada lider yoxdu”.

Adətən yerli mütəxəssislərə tərəfdar olan Musayev, indi italiyalını dəstəkləməsini belə izah edib:

“Yerli dəvət edək və hər şey yenidən başlasın. Yerliyə vaxt lazım olmayacaq? Yenə vaxt itirəcəyik və Azərbaycan futbolu itirəcək. Gəlin, De Byazinin işini davam etməsinə icazə verək və nə olacağını görək. İşini bilən baş məşqçimiz var, ondan istifadə etmək lazımdı. Kiminsə kefini pozmaq istəmirəm, ancaq adam bütün oyunlara gəlir. Qızmar günəşin, yağışın altında tribunada olur”.

PFL prezidenti bütün günahı baş məşqçidə axtarmağın doğru olmadığını, əksər futbolçuların milli komandada özlərini zədədən qoruyaraq oynadıqlarını deyib:

“Nəticələrdə təkcə baş məşqçini günahlandırmaq doğru deyil. Bir çox futbolçular millidə klubdakı qədər güc qoymur. Azərbaycan millisinin oyunçularının 90 faizi özünü zədədən qoruyur. Faktlarım var. Ad çəkmək istəmirəm, ancaq acı reallıq belədi. Hamıya da sübut etməyə hazıram”. (Azerisport)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button