Paradoks

Hüseyn Cəbrayıloğlu

Bir neçə gün öncə Xankəndində baş tutan futbol qarşılaşması təkcə futbolsevərlər yox, bütün ölkə adına ciddi əhəmiyyətli hadisə, tarixi bir tədbir idi. Etiraf edək ki, ən optimist azərbaycanlı belə, bir neçə il əvvəl Xankəndində belə bir şəkildə olacağımızı təxmin edə bilməzdi. Bu böyük qələbəni bizə yaşadanlar var olsun, Allah şəhidlərimizə rəhmət eləsin!

Təşkilatçılıq baxımından hər şeyin ən üst səviyyədə olduğu matçda daha bir ilk isə ölkə prezidentinin Azərbaycan kubokunda (çempionatında) hansısa bir matçı ilk dəfə izləməsi idi. Mən oyunu Lənkəranda izləyərkən, içimdə vurulacaq tarixi qolu nədənsə azərbaycanlı futbolçunun vurmasını daha çox istəyirdim və taleyin, ilahi ədalətin, daha nə bilim nəyin nə hikməti idisə, qolu lənkəranlı balası, “Xəzər Lənkəran”ın yetirməsi, bir vaxtlar ölkə başçısının açılışını etdiyi “Xəzər Lənkəran” stadionunda futbolun sirlərini öyrənən Nəriman Axundzadə vurdu. Həmin an ölkə prezidentinin qoluna əl çaldığı futbolçunun kimliyi, keçmişi haqqında birilərinin qısa da olsa məlumat verməsini o qədər çox istədim ki… Bir gün yenidən böyük futbol Lənkərana qayıdarsa, Tural (hansısa bir fərdin savadsızlığı ucbatından heç vaxt Turala Toral deyə bilmirəm) Bayramov, Nəriman Axundzadə, vaxtsız vəfat edən “Qarabağ”ın əvəzedici heyətinin kapitanı şirxanlardan hələ çox yetişəcəyini kimsə pıçıldaya bilsə idi.

Mənim gördüyüm, mənim hiss etdiyim tarixin və taleyin paradoksunun bu tarixi matçda məhz Nərimanın qol müəllifi olması idi.

Xankəndi bayramından az müddət əvvəl isə idman gündəmini Sevinc Cəfərzadə zəbt etmişdi. Millətlər Liqasında uğurla çıxış edən Azərbaycanın qadınlardan ibarət futbol komandasının kapitanının teleekrandan müsahibəsi səmimi sevinc hisslərindən, müzakirələrdən timsah göz yaşlarına kimi ölkə mediasına elə yayılmışdı ki, Sevinci ilk dəfə 15 il əvvəl tapıb müsahibə alan, ölkə mediasına təqdim edən biri kimi matım qurumuşdu. Sevinc haqqında hər şeyi danışan, yazan, qürur duyan adamlar bir şeyin üstündən Ağasəlim Mircavadovun sözü ilə desək, hoppanırdılar. Sevinc Cəfərzadə haradan çıxmışdı, harada yetişmişdi?

15 il əvvəl ilk dəfə Sevinci mən Lənkəran Uşaq Gənclər İdman Məktəbinin futbol meydançasında oğlan yaş qrupunda top qovarkən tapmış, ondan müsahibə almışdım. Medianın İnkişaf Agentliyinin təqdim etdiyi qaliblər siyahısında olan saytından, qəzetindən, agentliyindən bircə nəfər heç dedi, yazdı, vurğuladı ki, bu fəxrlə təqdim etdiyimiz qızımız Lənkərandan, bu gün futbolun məhv olduğu şəhərdən çıxıb? Bir nəfər dedi ki, həmin Lənkəranın UGİM bazası Xocavənddə, Ağdərədə dağılmış binalardan geri qalmır? Bunu bilmək üçün zəhmət çəkib arada çəpik çaldığınız, uğuruna göz yaşı axıtdığınız idmançıların haradan gəldiyini araşırmaq çətin olmamalıdır. Lənkəran UGİM-i o qədər çempionlar, idmançılar yetişdirib ki, yazmaqla bitməz və məktəbin pedaqoji kollektivi o xarabaya bənzər binalarda hələ də əzmlə çalışır.

İşin digər vacib tərəfi odur ki, Sevinc Cəfərzadə daxil, Lənkəranda qızlardan ibarət futbol komandasını yaradan, ona sponsorluq edən, baş məşqçisinə aylıq maaş verən “Xəzər Lənkəran” klubu idi. Bu gün olmayan, az qala kimsənin yadına düşməyən, ölkənin ən böyük tribunasına sahib olan klub. Son bir həftədə iki ciddi olay idman gündəmini zəbt edib və paradoksa bax ki, altında “Xəzər Lənkəran”ın keçmişi yatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button