“Hakimə də dedim ki, “bax, göydə Allah var ha, qol olmayacaq” – Müsahibə+Foto

“Unuda bilmədiyimiz oyun”

Komanda.az saytında “Unuda bilmədiyimiz oyun” rubrikası davam edir.

Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq. Növbəti qonağımız 1996-cı ildə Bakıda İsveçrəni 1:0 hesabıyla məğlub edərək, ilk rəsmi qələbəsini qazanan Azərbaycan millisinin həmin oyundakı müdafiəçilərindən olmuş Arif Əsədovdur:

  • Arif bəy, Azərbaycan milli komandasının rəsmi matçlardakı ilk qələbəsi kimi tarixə keçən Azərbaycan – İsveçrə oyununu necə xatırlayırsız?
  • İlk dəfə idi ki, biz Azərbaycanda oynayacaqdıq. Oyunlarımızı o dövrdə baş verən hadisələrlə bağlı Trabzonda keçirirdik. İlk dəfə azarkeşlərimizin qarşısına çıxacaqdıq. Oyuna başlamazdan əvvəl bizə dedilər ki, mərhum prezident Heydər Əliyev də stadionda olacaq. Bu sözlər bizə bir az da motivasiya vermişdi. Düzdür, oyuna yaxşı başlamamışdıq, İsveçrə yığması öz üstünlüyünü göstərmək istəyirdi. Ancaq bizdə olan istək, oyuna köklənməyimiz inam verdi və qolu vurduqdan sonra da daha inamlı olduq. Sonda qazanılan qələbə bizim üçün ağır yükün götürülməsi idi. O qədər sevinmişdik ki, heç stadionda nə qədər qaçmağımızı hiss edə bilməmişdik.
  • Oyundan əvvəl komanda daxilində vəziyyət necə idi. Həyəcan çox idimi?
  • Həqiqətən, çox həyəcan var idi, hamı oynamaq istəyirdi. Məşqçilər də heyəti müəyyənləşdirmək üçün çətinlik çəkirdi. Mən özüm belə, oyunda olub-olmayacağımı bilmirdim. Səhər yeməyindən sonra baş məşqçimiz Kazbek Tuayev məni otağına çağırdı və dedi ki, oynayacaqsan. Mənə tapşırdı ki, Kubilay Türkyılmazı tut, onu buraxma.
  • Azərbaycanla oyundan əvvəl isveçrəlilər açıqlama vermişdilər ki, azərbaycanlıları 5:0 hesabıyla udacağıq. Amma oyundan sonra nəticə fərqli oldu. Bu açıqlamalar oyunöncəsi hansı hissləri yaradırdı?
  • İsveçrə millisi özünə çox arxayın idi, onlar yaxşı çıxış edirdilər. Səhv etmirəmsə, Avropa çempionatından gəlmişdilər və orada da kifayət qədər inamlı oynamışdılar. Heyətləri də güclü idi, demək olar ki, bütün futbolçuları top klublarda oynayırdılar. Özlərinə olan inamları bizə kömək oldu. Dedikləri sözlər bizi bir az da qıcıqlandırırdı. Oyundan əvvəl o qədər həyəcanlı idik ki, heç gözümüzə yuxu da getmirdi, oyun gözümüzün qabağına gəlir, düşünürdük ki, görəsən, necə olacaq. Ancaq şükürlər olsun ki, nəticə yaxşı oldu.
  • Hesabda 1:0 öndə olduğumuz zaman penaltiyə səbəb olmuşduz. Həmin andakı hissləriniz necə idi? Komanda qol buraxsaydı, hər şey fərqli ola bilərdi və günahkar da siz olacaqdız…
  • Penalti epizodu mənə görə olmuşdu, düzdür. Ancaq orada rəqib – Türkyılmaz özünü bilərəkdən yerə yıxmışdı. Penalti yox idi və haqsızlıq olmuşdu. Çox heyfsilənmişdik, baş məşqçimiz Kazbek Tuayev də mənimlə eyni fikirdə idi. Yaxşı ki, qol olmadı, yoxsa özümü günahkar hesab edəcəkdim. Amma məndə inam var idi ki, penaltidən qol vura bilməyəcəklər. Hətta hakimə də dedim ki, “göydə Allah var ha, görərsən, qol olmayacaq”. Şükürlər olsun ki, elə düşündüyüm kimi də oldu və qolu da vura bilmədilər.
  • Mərhum prezident Heydər Əliyev də oyunu izləmək üçün stadiona gəlmişdi. Bəs oyundan sonra sizinlə görüşü oldumu?
  • Oyundan sonra görüş olmadı. Heç mən bilən stadionda da çox qalmadı. Bilirsiz, o dövrlərdə işlər çox idi və stadiona vaxt ayırıb gəlməsi də sual altında idi. Amma stadiona gələ bilmişdi. Hətta səhv etmirəmsə, o, stadiona gələndən bir neçə dəqiqə sonra qol vurmuşduq, belə desək, ayağı düşərli olmuşdu.
  • Oyundan sonra qələbəni meydanda Azərbaycan bayrağı ilə dövrə vurmaqla qeyd etdiz. Bu, ekranlarda görünən idi, bəs paltardəyişmə otağındakı sevinc hissləri necə idi?
  • Çoxlu sevinirdik, sevinc həyəcanı var idi. Oyundan əvvəl də yata bilməmişdik, oyundan sonra da yata bilmədik. Əvvəl meydanda, sonra paltardəyişmə otağında sevindik. Evə getdik, yaxınlar gəldi, təbrik etdi. Qohum-qardaş hamı təbrik edir, hamı sevinirdi. Zəfər sevincimiz səhərə qədər davam etmişdi.
  • Oyundan sonra yəqin mükafatlandırılmışdız.
  • Oyundan əvvəl mükafat veriləcəyini bilirdik, bunu demişdilər. Amma bizim bütün diqqətimiz oyunda idi, yaxşı nəticə qazanıb, azarkeşlərimizə sevinc yaşatmaq istəyirdik. Oyundan sonra da federasiya verdiyi sözü tutdu və mükafatlandırıldıq. Bir neçə gündən sonra komanda AFFA-da yığıldı və futbolçular mükafatlarını aldılar.
  • Həmin oyunla bağlı xatirənizdə qalan xüsusi nəsə varmı?
  • Oyunun gedişatında rəqiblərlə o qədər bir-birimizi itələmişdik ki, bir epizodda şortumu cırdılar. İlk hissənin sonlarına az qalmışdı. Bir tərəfdən şortumu fikirləşirdim, bir tərəfdən də oyunu. Oyun elə həyəcanlı idi ki, belə xırda şeylər qıraqda qalırdı. Fikrimi yayındırmamağa çalışırdım, özüm də müdafiədə oynayırdım deyə, ani diqqətsizlik bizə baha başa gələ bilərdi. Qıraqdan da çağırırdılar ki, “Arif, gəl dəyiş”, amma mən getmirdim, getmək istəmirdim. Çünki hər saniyənin öz hökmü var və hissənin sonlarına kimi də elə oynadım. Necə deyərlər, bir əlim şortumda, diqqətim də rəqibin futbolçusunda idi. Hissənin sonuna qədər bu vəziyyətdə oynadım və fasilədə şortumu dəyişdim.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button