“Bu, “olveys” satan baş katibin şəxsi çempionatıdır” – Müsahibə

Azərbaycan futbolunun hazırkı durumu, milli komandaların biabırçı çıxışı, 8 komandalı Premyer Liqanın Bakı çempionatına çevrilməsi futbol ictimaiyyətində ciddi narazılıq yaradır.

“Neftçi”nin veteran futbolçusu Asəf Namazov da narazı olanlardandır. Namazov, ölkə futbolundakı problemlər, nələrin dəyişməli olduğu haqda Komanda.az saytına müsahibəsində danışıb:

  • Bir müddət əvvəl verdiyiniz müsahibədə bəzi şəxslərə qarşı təhqiramiz sözlər işlətmisiz, bundan narahat deyilsiz?
  • Təhqir deyil, bu, acı həqiqətdir. Kimin xoşu gəlmirsə, məni məhkəməyə verə bilər. Burda başqa bir şey yoxdur ki… Mən sübut edim ki, kim düzdür, kim səhvdir.
  • Müsahibənizdə xüsusilə də AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovdan danışmısız…
  • Azərbaycan futbol tarixinə təsadüf edən çox adam olub. Vaqif Sadıqov heç vaxt, heç bir komandada nəticə qazanmayıb. Özü də tamam başqa tərbiyə görüb. AFFA-da Rövnəq müəllim, Elşad Nəsirov, Rauf Əliyevdən başqa bir kişi var? Bunu hansı cəhətinə görə gətirmisiz Məşqçilər Komitəsinin başına? Bu adam heç nə bilmir.
  • Azərbaycan futbolunun hazırkı durumu…
  • Hazırkı vəziyyət bataqlığa düşmüş adam kimidir, bircə kəlləsi üzdə qalıb. Birincisi, futbol Tovuzsuz, Gəncəsiz futbol deyil, heç vaxt da olmayıb. Mən 11 il yarım “Neftçi”də oynamışam. Bütün oyunçular Gəncədən, Tovuzdan gəlib. Ruslan Abdullayev, Mübariz Zeynalov, Arif Orucov, Mehman Allahverdiyev, Yunis Hüseynov və başqaları Salyandan gəlməyib, Tovuzdan, Gəncədən gəlib. Oranı niyə dağıdırsız? Kim deyə bilər ki, futbol bizdə yaxşıdır? Xeyr, çox pis vəziyyətdəyik.
  • Bir müddət əvvəl AFFA İcraiyyə Komitəsi yeni mövsümdə də Premyer Liqada 8 komanda olacağını açıqladı.
  • Çox azdır, Azərbaycan futbolu üçün çox az. Yenə deyirəm, Tovuz, Gəncə yoxdursa, bu, Bakı çempionatıdır. Bu bizə nə verə bilər? Heç nə verə bilməz. Futbolu bilməyən adamlar idarə edir. Ona görə Azərbaycan futbolu bu səviyyədədir. Bu, “olveys” satan baş katibin şəxsi çempionatıdır. Bax, bu şəraiti o yaratdı.
  • Elxan Məmmədov AFFA-nın baş katibi olduğu müddətdə nə dəyişib?
  • O gələndə 16 komanda idisə, onun zəhməti ilə say 8 oldu. Fuad Musayevin, Ramiz Mirzəyevin imkanları oldu, dövlətdən kömək istədi. 30 yaşına kimi “olveys” satan kişi nə edəcək ki? Üç alıb, dörd satıb. Ancaq alver bacarır, ondan artıq şey istəmək düz olmaz. Onu bacarır ki, ucuz qiymətə baş məşqçi gətirsin. Berti Foqts 6 il bizə nağıl danışdı. Bir dəfə milli komanda uduzmuşdu, bu gülürdü. Ağlamalıydıq. Robert Prosineçki başa düşdü ki, burda futbol ola bilməz. Çünki baş katib dəllaldır. Bir il oldu, getdi. İndi xorvatiyalı gətiriblər. 43 yaşında millidə baş məşqçi olmaq olmaz. Bu adam heç baş məşqçi kimi də işləməyib. Qorxdu ki, Qurban Qurbanov qalar baş məşqçi postunda və onun qarşısını alar. Düzdür, indi sən ABŞ-a, Afrikaya getmisən, çox sağ ol. İndi sən Avstraliya və Cənubi Amerikaya da get ki, Azərbaycan futbolu inkişaf etsin. Dünya çempionları idmançılar var, dövlətdən kömək alır. Ancaq biz heç nə. Futbol ictimaiyyəti çox zəifdir. Tovuz, Gəncə niyə ayağa qalxmır? Niyə demirlər ki, bizim bölgədə futbol olub, futbolçular yetişdirmişik? Ay baş katib, bunların yolunu bağlayırsan, bəs sənə futbol lazım deyil? Avropa Liqasının final matçı üçün gedib dövlətə ağız açırsan. Ağız aç ki, Azərbaycanın regionlarında futbol ölür, niyə demirsən bunları? Buna sual verən bir adam tapılacaq? O, mənə cavab verə biləcək?
  • Elxan Məmmədov AFFA-dan ayrılsa, bunlar düzələcək?
  • Ümumi struktur dəyişilməlidir. Federasiyada hər regionun nümayəndələri, klub prezidentləri olmalıdır. İndi orda olanlar nə bilir futbol nədir? Vaqif Sadıqovun vaxtında Lixtenşteynə uduzmuşduq. Bu, siyasi idman növüdür. 11 nəfəri yığa bilən millət formalaşmayıb. Bütün struktur dəyişməlidir. Bunlar ancaq hakimləri dəyişir. Anar Salmanovu futboldan çıxardılar, niyə geri qaytarmırsan, adam öldürüb? Nədir-nədir, əmrini yerinə yetirməyib? Danışmaq olmur e, adam utanır.
  • Hazırda keçmişdə işləmiş, komanda çalışdırmış bir çox məşqçilər işsizdir. Bunun səbəbini nədə görürsüz?
  • Özümdən misal çəkim, buna Yaşar Seyidov şahiddir. Mən təzə gəlmişəm Bakıya. “Bakı” komandasının prezidenti məni çağırdı ki, necə oynayacaqsan, mən dedikdən sonra da mənə “elə yox, belə oyna” dedi. Mənə qəribə gəldi. Klub prezidenti nəticə tələb etməlidir. Buna görə onunla sözümüz düz gəlmədi. Mən dediyim kimi oynadım və uddum. Sonra da qapını bağladım və getdim. Biz uşaqlıqdan təmənnasız, adamsız, dayısız, başımızı futbola qoşmuşuq. Təsadüfən ayağı topa dəyən bizi başa düşməz. “Neftçi”də məni işləməyə qoymadılar. O vaxt prezident Fuad Musayev idi. Oyunçuları mənə qarşı qaldırdı. Onlar da oyunlarda qəsdən uduzurdular. Nazim Süleymanov kimi oyunçu Azərbaycan futbolunda olmayıb, titulları çoxdur. O istəyir futbolçu yaxşı oynasın, tələbkardır. Amma kim qoyar? O saat çıxardılar işdən. İndi məşqçilərin xətrinə dəyməsin, dəysə də, su içsinlər. Onlar “Dinamo” (Kiyev), Moskva görməyib. Onların səviyyəsi indiki AFFA-nın idarə heyətinin səviyyəsinə uyğun gəlir. Daxildə şirsiz, bayıra çıxanda görünmürsüz.
  • Sizcə, niyə azərbaycanlı futbolçular ölkə xaricinə gedə, uğur qazana bilmir?
  • Burdakı şərtlər oyunçulara sərf edir deyə, ölkə xaricinə getmirlər. Ancaq futbolun gələcəyi üçün ölkə xaricinə gedib, gəlməlidirlər. Nazim Süleymanov kimi. Biz dayı hesabına bura gəlməmişik. Bunları öyrədənin etikası olmalıdır. Bu, zavod, fabrik deyil ki… Yaltaq adamlar bizə lazım deyil. Kazbek Tuayevə bax, oturub orda, heç vecinə deyil. Titulları alıb, elə tərifləyir e. Özü Azərbaycan futbol tarixində bir Tovuzda işləyib, o da iki il. O, heç nə bilmir, amma danışır. Üç nəfərdir ki, Azərbaycan futbolunu idarə edir. Fuad Musayev gələndə, diplomatla pul verirdilər. Musayev nələr üçünsə çalışdı, ancaq alınmadı. Klublar tülkülük edir, müqaviləyə bəzi qərarları yazmırlar. Vergi adıyla müqavilə olmur. Olsaydı, heç bir klub Nazim Süleymanovu çıxara bilməzdi. Təsadüfi adamların futbola gəlməyi bu cür söhbətləri yaradır. O vaxt, 1973-74-cü illərdə “Bakı” qəzetində böyük bir yazı getmişdi. Kazbek Tuayevin Azərbaycan futbolundakı fəaliyyətiylə bağlı. Onun nə işlər gördüyündən yazmışdılar.
  • Azərbaycan futbolunun inkişafı üçün nə lazımdır bəs?
  • AFFA bilməz, onlara bu lazım deyil. Onların başı qarışıqdır. Tovuz, Gəncə qayıtmalıdır. İmkanı yoxdur, dövlətə müraciət etsin. 100 dənə məktəb açıblar, onun-bunun adına. AFFA düz işləmir. Ay Kazbek Tuayev oturmusan orda, adın var guya dırnaqarası, ay anası erməni. Nə qədər futbol bataqlığa düşsə, siz də danışacaqsız. Ətrafınızdakılar da sizin kimidir. Onlara futbol lazım deyil, gələn pul lazımdır.
  • Azərbaycan millisinin Macarıstan və Slovakiya ilə oyunlarından nə gözləyirsiz?
  • Nə olsa, ancaq təsadüf olar. Mənim azarkeşlərə yazığım gəlir. Uzağı bir oyun udacaqlar da, beş oyun ki yox. Onların bunu bacarmaq potensialı yoxdur. Xorvata indi deyəcəklər bunu qoy, onu qoy, o da edəcək. Prosineçki buna görə qaçdı da, gördü ki, hər kəz öz adamını milliyə qoyur. Belə milli olar? Olsa da, yaxşı olmayacaq. O baş katib nə vaxta kimi burdadır, belə də olacaq. İndi bunları deyirəm ki, nəsə etsinlər. 1971-72 mövsümündə Kazbekin və Ələkbər Məmmədovun idarə etdiyi komanda SSRİ çempionatından çıxdı. 4 il orda qaldıq. İndi onların zibillərini hansı nəsil yığacaq? Bu nəsil? Bunlar daxildə oynayır. Bircə “Qarabağ” klubudur. Bütün klublar öz işləri ilə məşğuldur. Bir abırlı Qurban Qurbanov çıxdı və gör “Qarabağ”ın adını hara qaldırdı. Ramin Musayevə bu işinə görə “çox sağ ol” düşür. Qurbanova təkan verdi. Musayev az, ancaq böyük iş gördü. İndi kim danışır, deməli, millətin düşmənidir. Yaltaqlar qabağa gedir. Biz hansı mövqeyi seçək? Dövlət başçısı yığıb, soruşmalıdır ki, ayrılan pullar hara gedir? Çempionatımızın səviyyəsi aşağıdır. Baş katib hamını qorxudub ki, onun qardaşı 1-ci vitse-prezidentin yanında işləyir, sabah, birisigün buna böyük vəzifə verəcəklər, guya idman naziri olacaq. O, “olveys” satmaqla formalaşıb. Bundan idman naziri olacaq? Ticarət naziri qoyun, onu bacarar. Belə həyasız adam Azərbaycan futbol tarixinə gəlməyib. Hamını öz bazarı var, Vaqif Sadıqov daxili bazara baxır, Elxan da xarici məşqçilərə. Kazbek də orda oturub, susmaqla özünü ağıllı göstərir, iki eşşəyin arpasını bölə bilmir. Bir az biədəb misaldır, ancaq o buna layiqdir. Sualı varsa, cavab verim. İstəyir, lap məhkəmədə. Kazbek niyə orda oturub? Nə vaxta kimi biz başqa millətin zibilini təmizləyəcəyik? Futbol pis vəziyyətdədir, çətin düzələr. Kim düzəldəcək bu futbolu? Mənə heç əməkdar məşqçi adı verməyiblər, başlarına dəysin. Heç nə yoxdur AFFA-da. Mən dövlət tərəfindən İrana göndərilmişdim. Ağasəlim Mircavadovdan sonra mənə bu adı verməli idilər. Amma fikirləşirlər ki, hara getsinlər, hara gəlsinlər, hardan nə gətirsinlər. İndiki futbola Elxan Məmmədov layiqdir. Elə bu futbolun da başında ancaq Elxan Məmmədov işləyə bilər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button