Nazarov olma, Şeydayev ol!

Kürşad

Bu oğlan son seçmə mərhələdə məğlubiyyətləri ipə muncuq kimi düzüb, boynundan asan, ələ salınan, tənqid olunan milli komandada heç kimin haqqında xoşagəlməz söz demədiyi, demək istəmədiyi azsaylı futbolçulardan biri idi. Komanda uduzurdu, o, mübarizə aparırdı, qaçırdı, əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Komanda uduzurdu, başqa futbolçuların irişən simalarının fonunda pərişanlığın, məyusluğun onun sifətində necə əks olunduğunu görürdük.

Bir neçə gün əvvəl isə həyatının çox hissəsini Rusiyada keçirmiş bu oğlan ona doğma olan Kürdəmir rayonuna səfər etdi, orda doğmalarına baş çəkdi, uşaqlarla futbol oynamağa imkan tapdı, “Gələcəkdə Kürdəmir futboluna kömək etmək planlarımda var” açıqlaması verdi. Yox, yox, o bunu görüntü xatirinə etmirdi. Onun bu günə kimi ortaya qoyduğu görüntü, Kürdəmir səfərinin görüntü xatirinə olmadığını göstərirdi.

Ramil Şeydayev nə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun qarşısında diz çöküb “mənə iş verin, milli komandalarla səfərə getməyimə şərait yaradın” deyən Mahir Şükürovdur, nə Millətlər Liqasındakı oyunlara görə nəzərdə tutulan mükafatı ala bilmədiyi üçün federasiyanı hədələyib, Azərbaycan millisində oynamaqdan imtina edəcəyini deyən Dmitri Nazarov, nə də yığma komandada pul qarşılığında oynayan (yola verən) Eddi İsrafilov.

Şəxsən mən bu oğlan haqda ilk dəfə eşidəndə, onun milli komandada forma geyinəcəyini biləndə sevinməmişdim. Heç vaxt Azərbaycanı, Azərbaycan insanını sevməyən rusların arasından çıxıb gələn bir futbolçuya güvənməmişdim. Amma o, məni, mənim kimi düşünən hər kəsi yanıltdı. O qədər yanıltdı ki, milli komandada meydana çıxdığı hər oyunda dayanmadan mübarizə aparan, təslim olmaq istəməyən bu oğlana baxıb, “keşkə daha güclü bir yığmanın formasını geyinsəydi” kimi bir düşüncə hakim olurdu.

Azərbaycanlı uşaqların baxıb örnək ala biləcəyi futbolçu da, insan da odur – Ramil Şeydayev! Mübarizə aparmaqdan yorulmayan, təslim olmayan, vətənini sevən, insan üçün ən dəyərli keyfiyyətləri pula satmayan, adam kimi adam!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button