Nərimanın klubu “Barselona”nın sabiq futbolçusunu transfer edib

Nəriman Axundzadəni transfer edən ABŞ-ın “Kolambus Kru” klubu heyətini tanınmış yarımmüdafiəçi ilə gücləndirib.

Komanda.az xəbər verir ki, MLS təmsilçisi Portuqaliya millisinin sabiq üzvü Andre Qomeşin keçidini rəsmiləşdirib.

Azad agent statusu ilə komandaya qoşulan 32 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər olan müqavilə imzalanıb. Sözləşmədə müddətin daha bir il uzadıla biləcəyi barədə bənd də yer alıb.

Karyerası ərzində Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya”, “Barselona”, İngiltərənin “Everton” və Fransanın “Lill” klublarında çıxış edən Qomeş bir çox uğura imza atıb. O, “Barselona” ilə İspaniya çempionu (2017/18) olub, iki dəfə Kral kubokunu və bir dəfə ölkə superkubokunu qazanıb.

Portuqaliya yığmasının heyətində 29 oyun keçirən Qomeş 2016-cı ildə Avropa çempionu tituluna sahib çıxıb.

Nəriman Axundzadənin “Kolambus Kru” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi bu keçid üçün “Qarabağ”a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button