
“Məncə, Noyer hələ də ən yaxşı alman qapıçıdır”
Almaniya millisinin sabiq oyunçusu Lotar Matteus, “Bayern”in qapıçısı Manuel Noyerin yığmaya qayıdışıyla bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Məncə, Manuel Noyer hələ də ən yaxşı alman qapıçıdır. O, bunu dəfələrlə vacib, həlledici matçlarda sübut edib və dünya çempionatlarının əsas məqsədi də məhz budur. Buna görə də, düşünürəm ki, baş məşqçi Yulian Naqelsmannın Noyerin milli komandaya qayıtmasını düşünməsi ağlabatandır. Sırf idman baxımından, bu, mənim üçün tamamilə başadüşüləndir. Lakin onun təqdimolunma tərzini bəyənmirəm. Naqelsmann onun üçün doğru ola biləcək bir yol seçdi, amma bu, lazımsız mübahisələrə səbəb oldu. Mən onu şəxsən günahlandırmıram, bu, Almaniya Futbol Assosiasiyasının məsələsidir. Onların heyətində təcrübəli peşəkarlar var.
Onlar bir neçə həftə əvvəl digər qolkiper Oliver Baumannla danışıb, deyə bilərdilər ki, “sən bizim bir nömrəli qapıçımızsan, amma Manuel Noyer yaxşı oynayıb sağlam qalarsa, onu özümüzlə mundiala aparmaq istəyirik. Çünki ən yaxşı oyunçuları götürmək bizim vəzifəmizdir”. Bu, ədalətli və şəffaf hərəkət olardı”.
Bizi Facebook-da izləyin



