“Mançester Siti”dən 13 milyon avroluq transfer

İngiltərə çempionu “Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi Belçikanın “Anderlext” klubunun yarımmüdafiəçisi Serxio Qomesi heyətinə qatıb. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

İspaniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Mançesterlilər bu keçidə görə Belçika klubuna bonuslarla birlikdə 13 milyon avro ödəyəcəklər. Gənc futbolçu yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Serxio Qomes “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisinin B komandasında oynadığı dönəmdə Almaniyanın “Borussiya” (Dortmund) klubuna transfer olunub. Amma Bundesliqa klubunda da daha çox əvəzedici heyətdə oynayan sol cinah yarımmüdafiəçisi, 2 il də “Hueska”da icarədə çıxış edib. 2021-ci ilin iyun ayında isə o, Almaniya klubundan ayrılaraq “Anderlext”ə keçmişdi. Geridə qalan mövsümdə Belçika klubunda 49 oyun keçirmiş futbolçu, 6 qol vurub. 21 yaşlı oyunçu İspaniyanın U-21 yığmasının da üzvüdür.

“Mançester Siti” hücumçusu Kaikini də (Kaiki da Silva Şaqas) Portuqaliyanın “Pasuş de Ferreyra” klubuna icarəyə verib. Braziliyadan olan 19 yaşlı forvard 2022/23 mövsümünün sonunadək icarədə olacaq.

Kaiki “Mançester Siti”yə 2021-ci ildə Braziliyanın “Fluminense” klubundan 10 milyon avroya transfer olunub. Baş məşqçi Pep Qvardiola ona bu il əsas komandada debüt etmək şansı da yaradıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button