Məni erməni hesab edin, amma…

Natiq Muxtarlı

Dədə balası, başa düşürük, biz İngiltərə, İspaniya, Almaniya, Fransa, İtaliya deyilik ki, futbolda onlarla rəqabət aparaq. Oralarda futbolçu yetişdirmək üçün mükəmməl mühit – infrastruktur var. Dədə balası, biz onu da başa düşürük ki, heç Lüksemburq da ola bilmərik. Ay sizin qadanızı AFFA rəhbərliyi alsın, amma onu başa düşmək olmur ki, biz niyə heç olmasa Afrika ölkəsi ola bilmirik. Azərbaycanın U-17 yığması Gürcüstanda keçirilən turnirdə Zambiyaya məğlub olub. Daha kimlərə məğlub olmuruq ki.

Azərbaycanın U-17 yığmasının baş məşqçisi Elxan Abdullayevdir. Daha əvvəl isə U-19 yığmasının baş məşqçisi olub. U-19-da çalışarkən Qırğızıstana qalib gələ bilməmişdilər. İrad bildirəndə, əsəbi halda demişdi ki, Qırğızıstanda futbol bizdən çox öndədir, onlardan öyrənməliyik. İndi də eyni sözü deyər yəqin. Deyər ki, Zambiyadan öyrənəcəyimiz çox şey var. Yəni Elxan müəllim o vaxt da həqiqəti demişdi. İndi də desə, həqiqəti söyləmiş olacaq. Amma deməmişdi və yəqin, deməyəcək ki, biz hansı səbəbdən Qırğızıstandan, Zambiyadan zəifik.

Eybi yox, o deməz, biz deyərik.

Rusiyalı mütəxəssislər özlərinə əl qatıblar. Deyirlər ki, komandaların avrokuboklardan uzaqlaşdırılması klub futbolunu inkişafdan saxlayacaq. Moskvanın ÇSKA klubunun qadın futbolçulardan ibarət komandasının erməni baş məşqçisi var – Aleksandr Qriqoryan. O da çıxıb deyib ki, ay adamlar, dünənə qədər klublarımız avrokuboklarda çıxış edirdi, Rusiyada futbol inkişaf etmişdi? Etməmişdi, etməyəcək də. Çünki Rusiya futbolu korrupsiya bataqlığında boğulur. Korrupsiyadan qurtulmayana qədər inkişaf olmayacaq. Erməni olanda nə olar, həqiqəti deyib.

Azərbaycan futbol təsərrüfatında də vəziyyət eynən Rusiyadakı kimidir. Korrupsiya bataqlığında boğulur Azərbaycan futbolu. Bu qədər vəsait xərclənir, amma nə infrastruktur qurulur, nə də futbolçu yetişir. Zambiyada infrastruktur da yoxdur axı. Eləcə torpaq üzərində yetişdirirlər futbolçuları. Bəs bizdə niyə yetişmir? Bizdə boz torpaq da yoxdur? Yoxsa istedadlı uşaqlar yoxdur? Var, torpaq da var, istedadlı uşaqlar da. Amma U-17 yığmasına istedadı olanlar götürülmür. Onun-bunun tanışı, qohum-əqrəbası cəlb olunur yığmalara. Bu da korrupsiya zəncirinin bir həlqəsidir.

Dədə balası, məni erməni hesab edin, amma bu, həqiqətdir: Azərbaycan futbolu korrupsiya bataqlığında boğulur! Vallah, həqiqət budur, billah, səbəb budur. Korrupsiya olduqca, Lüksemburqa da, Qırğızıstana da, Zambiyaya da, hələ bir desəz, Nepala da məğlub olacağıq. Məni erməni hesab edin, amma həqiqətə kor baxa bilməzsiz axı.

Bizi Telegramda izləyin