Limit? O bizə nə qazandır(ıb)acaq? – ARAŞDIRMA

Klublar Komitəsinin son iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycan Premyer Liqasında hazırda mövcud olan 7+4 limitinin 8+3 ilə əvəzlənməsi ilə bağlı oldu. Yeni limitlə bağlı təklif futbol ictimaiyyətində fərqli cür qarşılandı. Bir qisim limitin dəyişdirilməsinin tərəfdarı oldusa, bir qisim hazırkı limitin məqbul olduğu qənaitində qaldı.

Hazırda mövcud olan 7+4 limiti ötən mövsümdə qəbul edilmişdi. Bunadək isə çempionatda 6+5 limitindən istifadə edilirdi. Üstəlik start heyətdə 21 yaşadək ən azı bir futbolçu olması şərti də mövcud idi. Maraqlıdır ki, 7+4 limiti ilə bağlı məsələ müzakirə ediləndə də ölkə futbol ictimaiyyətində fikirlər haçalanmışdı. Hazırda gündəmdə olan 8+3 limitinin tətbiq edilməsinin ölkə futboluna nə qazandıracağını proqnozlaşdırmadan əvvəl hazırda mövcud olan 7+4 limiti tətbiq olunandan sonra ölkə futbolunda hansı dəyişikliklərin baş verməsinə nəzər salaq.

Milli komandanın oyununda geriləmə müşahidə edilib?

Legioner limitinin dəyişdirilməsinə qarşı olanların əsas arqumenti milli komanda idi. Belə ki, bəzi mütəxəssislər komandalarda əcnəbilərə tətbiq olunan limitin dəyişdirilməsi halında yerlilərin kənarda qalacağı, bunun da milli komandaya birbaşa mənfi təsirinin olacağını iddia edirdilər. Bəs çempionatda 7+4 limiti tətbiq olunandan sonra milli komanda hansı nəticələrə imza atıb? Milli komanda 2023/24-cü illər mövsümü başlayandan sonra 5-i seçmə mərhələ, 1-i yoxlama matçı olmaqla cəmi 6 oyun keçirib. Millimizin hesabında bu oyunlarda 3 qələbə və 3 məğlubiyyət var. Yığmamız Avstriya və Belçikaya evdə minimal hesabla uduzub, səfərdə isə belçikalılara 0:5 hesabıyla məğlub olub. Komandamız qələbələrini isə evdə yoxlama oyununda İordaniya üzərində, həmçinin seçmə mərhələsinin Estoniya ilə səfər (2:0) və İsveçlə ev oyunlarında (3:0) qazanıb.

Millimizin ötən ilin avqust ayından sonra keçirdiyi oyunlar:

Azərbaycan – Belçika 0:1 (AÇ-2024-ün seçmə mərhələsi)
Azərbaycan – İordaniya 2:1 (yoxlama oyunu)
Estoniya – Azərbaycan 0:2 (AÇ-2024-ün seçmə mərhələsi)
Azərbaycan – Avstriya 0:1 (AÇ-2024-ün seçmə mərhələsi)
Azərbaycan – İsveç 3:0 (AÇ-2024-ün seçmə mərhələsi)
Belçika – Azərbaycan 5:0 (AÇ-2024-ün seçmə mərhələsi)

Milli komandamızın çox nadir hallarda yerli futbol azarkeşlərinin üzünü güldürdüyünü nəzərə alsaq, ölkə çempionatında mövcud limit tətbiq edilməyə başlanandan sonra yığmamızın oyununda, nəticələrində hansısa geriləmənin yaşandığını demək çətindir.

Yeni limit yerli futbolçuların ölkə xaricinə yollanmasına yol açıb?

Yeni legioner limitini dəstəkləyənlərin əsas arqumentləri arasında yerli futbolçuların xarici liqalara üz tutması da yer alır. Ötən ilin yayından etibarən bir neçə yerli futbolçu ölkə sərhədlərini tərk edərək karyerasını xaricdə davam etdirmək qərarına gəlib. “Səbail”dən Türkiyə 1-ci liqa təmsilçisi “Ümraniyəspor”a keçən Coşqun Diniyev, “Sabah”dan ayrıldıqdan sonra həmin liqada “Tuzlaspor”a üz tutan Bəxtiyar Həsənalızadə, mövsümün sonunda “Qarabağ”dan ayrılıb əvvəlcə Tailandın “Buriram Yunayted”, yanvardan etibarən isə Türkiyə 1-ci liqa təmsilçisi “Kocaelispor”a keçən Ramil Şeydayev, “Zirə”dən Bolqarıstanın “Arda” klubuna yollanan Cəlal Hüseynov, “Qarabağ”dan Türkiyə Super Liqa təmsilçisi “Adana Dəmirspor”a yollanan Şahruddin Məhəmmədəliyev, Ağdam təmsilçisindən İsveçin “Yurqorden” klubuna transfer olunan Musa Qurbanlı, yanvarda “Turan Tovuz”dan Türkiyə 1-ci liqa təmsilçisi “Manisaspor”a keçən Sərtan Taşkın, həmçinin ötən yay “Sumqayıt”dan Albaniyanın “Eqnatia”, yanvarda isə bu klubdan Türkiyənin 1-ci liqa təmsilçisi “Boluspor”a keçən Vüsal İsgəndərli bu qəbildəndir. Maraqlıdır ki, son illərdə bu sayda yerli futbolçunun ölkə xaricinə yollanmasına çox nadir hallarda şahid olmuşuq.

Ümumilikdə yeni limitlə bağlı qərar qəbul edildikdən sonra 8 azərbaycanlı futbolçu ölkə xaricinə üz tutub ki, bu da son illər üçün rekord göstəricidir.

Yeni limiti ən çox hansı klublar tətbiq edib?

Yeni limitlə bağlı məsələ müzakirə olunarkən bunun ən çox iddialı klubların işinə yarayacağı, nisbətən zəif büdcəyə malik olan komandaların isə daha çox yerli futbolçulara yer verdiyindən, bu cür rəqabətə davam gətirməyəcəyi iddia olunurdu. Bəs 2023/24-cü illər mövsümündə 7+4 limitindən hansı klub nə qədər istifadə edib?

Yeni limitdən ən çox istifadə edən klub “Zirə”dir. Qəsəbə təmsilçisi bu günə kimi baş tutmuş 21 turun 19-da start heyətində hazırkı limitdən istifadə edib. Maraqlıdır ki, bu siyahıda növbəti pilləni “Araz-Naxçıvan” tutur. Naxçıvan təmsilçisi 18 matçda start heyətində 7+4 limitindən istifadə edib. Sonrakı pillələri son çempion “Qarabağ” və “Səbail” (14 oyun), hazırda son pillədə qərarlaşmış “Qəbələ” (13 oyun), “Neftçi” (11 oyun) və “Turan Tovuz” (10 oyun) tutur. Maraqlıdır ki, son ölkə çempionatının gümüş mükafatçısı “Sabah” cəmi 8 matçda start heyətində hazırkı limitdən istifadə edib. “Kəpəz”də bu rəqəm 7, “Sumqayıt”da isə cəmi 1-dir.

Statistik məlumatlardan da göründüyü kimi, çempionatda heç də yalnız iddialı klublar yeni limitdən faydalanmır. Maraqlıdır ki, hətta aşağı büdcəli hesab edilən bəzi klublar bu baxımdan çempionatın iddialı klublarını da üstələyir.

İstənilən halda, hələ ki, ötən mövsümün gedişində qəbul edilmiş 7+4 limitinin hansısa mənfi təsirinin şahidi olmamışıq. Uzun sürən prosesdə nəticələr hansı şəkildə olar, bunu zaman göstərəcək.

P.S. “Qarabağ”ın məhz bu mövsümdə Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup mərhəlsini adlaması da xüsusi qeyd edilməlidir.

Əmir

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button