“Qələbə qazanmaq istəyirik, olmur, hamıya şans vermək istəyirik, alınmır” – Yurçeviç

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç bu gün Bakıda Litva yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, xorvat mütəxəssis 0:0 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Maraqlı oyun alındı. Hərçənd ki, oyunun gedişatı asan deyildi. Komanda qələbə qazanmaq üçün hər şeyi etdi. Qalib gəlmək istəyirdik. İlk hissədə daha yaxşı idik. Xorvatiya ilə çətin oyundan sonra futbolçular yaxşı təsir bağışladı. Rəqibə baxanda, daha yaxşı komanda idik. Bir qolu vura bilmədik ki, ardı gəlsin. Komandanın oyunundan razı qaldım.
  • Nəticə önəmli idi, yoxsa sərgilənən oyun?
  • Qalib gəlmək istəyirdik. Çünki qələbə komandanın özünəinamını artıracaqdı. Digər oyunçuları da oynadaraq, onları da görmək istəyirdim. Mümkün qədər, bütün futbolçulara şans vermək istədim. Bizim üçün qələbədən əlavə də, qənaət lazım idi. Oyunda bəzi situasiyaları görməliydim. Bir oyunda çox şey etmək çətin idi. Alındıra bildiyimiz bu oldu. Dadaşovu mərkəzdə oynatmaq istədim, dedim Ramili də cinaha qoyum. Arazla birlikdə üçünə də şans verdim ki, görüm necə oynayırlar. Sevinirəm ki, bir çox nüanslara cavab tapa bildik.
  • Litvanın baş məşqçisi Valdar Urbonas özlərinin ilk hissədə yaxşı oynadıqlarını dedi…
  • Mənə elə gəlir, ilk hissə biz daha yaxşı idik. Birinci hissədə 100 faizlik şanslarımız da oldu. İkinci hissədəki dəyişikliklərdən sonra oyunun ritmi aşağı düşdü. Oyunda biz daha yaxşı olan tərəf idik.
  • Bu oyuna daha fərqli 11-liklə çıxmaq olmazdımı?
  • Bir çox şey etmək olardı. Digər futbolçulara da şans vermək mümkün idi. Biz qələbə istəyirik, olmur, hamıya şans vermək istəyirik, alınmır. Bütün bunları bir anda etmək çətindir. Son 10 gün mənim üçün faydalı oldu. Komandada yaxşı atmosfer var. Növbəti oyunlar üçün hazırlıq daha vacib idi.
  • Millətlər Liqası səviyyəsindəki komanda ilə heç-heçə etdik. Turnir dəyişdi, millinin baş məşqçisi də dəyişdi, daha nəyi dəyişməliyik?
  • İşin sonunda əlində olan imkanlardan istifadə edə bilirsənsə, qələbə qazanırsan. Qol vurmaq üçün çox çalışdıq, ancaq olmadı.
  • Pavel Paşayevin milliyə çağırılmaması nəylə bağlıdı? Zədəsi varmı, yoxsa oyununu bəyənməmisiz?
  • Pavel Paşayev zədəli olduğuna görə dəvət edə bilmədim.
  • Azarkeşləri tribunaya qaytarmaq mümkün olacaqmı?
  • Nə deyim, özüm də istərdim daha çox azarkeş olsun. Bütün tribunalar dolsa, ən azından yarısı dolsa, yaranan atmosferlə daha çox adrenalin yaranar. Azarkeş dəstəyiylə bəlkə də, qol və qollar vura bilərdik. Azarkeşlərim gəlməsi üçün müsbət nəticələr lazımdı.
  • Azərbaycan millisində qarşınıza qoyulan əsas hədəf nədir?
  • Məqsəd odur ki, daha yaxşı olmağa çalışmalıyıq. Hazırkı vəziyyəti siz də bilirsiz. Qarşıdakı oyunlarda qələbə qazanmaq istəyirik. Ancaq bu bizim istəyimizdir. Yaxşı olmağa çalışacağıq.
  • Samir Abasova verilən “Azərbaycan millisinə kimi təklif edərdiz?” sualına, o cavab vermişdi ki, “İsmail Fofananı. Ən azından adı uyğun gəlir”. Bu haqda fikirləriniz nədir?
  • Klublara gedəcəyimi demişdim. İki klubda olmaq üçün şansım olub. “Qarabağ” və “Neftçi”də oldum. Çünki bu komandalar milliyə daha çox futbolçu verən komandalardı. Qarşıdakı günlərdə bütün klublara baş çəkəcəm. Abasovun fikirləri ilə tanış deyiləm. Nə deyə bilərəm buna? Bu haqda bir şey bilmirəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button