İbrahimov və Dursunov dünya üçüncüsü oldu

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Yusif İsparov debütdə erməni güləşçiylə gərgin keçən görüşdə əzmkar qələbə qazanıb. Ancaq 1/4 finalda amerikalı rəqib keçilməz olub. Rəqib finala yüksəldiyi üçün İsparov iyulun 21-də təsəlliverici görüşə çıxıb. Yusif gürcü həmkarıyla gərgin keçən görüşdə minimalhesablı qələbəyə sevinib. Ancaq son görüşdə özbəkistanlı rəqibinə uduzaraq 5-ci yerlə kifayətlənib.

Elman Məmmədov startda Fransa təmsilçisinə qalib gəlib. Ancaq daha sonra İran güləşçisinə uduzub. Rəqib finaladək irəlilədiyi üçün Məmmədov iyulun 21-də təsəlliverici görüşə çıxıb polşalı həmkarına tam üstünlüklə qalib gəlib. Lakin bürünc medal uğrunda mübarizədə hindistanlı rəqibinə məğlub olub.

Abdulrəhman İbrahimov ilk mərhələdə ABŞ təmsilçisindən güclü olub. Növbəti görüşdə isə erməni rəqibini xalçadan məyus yola salıb. Qazaxıstan idmançısını da üstələyən İbrahimov adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında hindistanlı rəqibinə məğlub olub. İranlı rəqibinə minimal hesabla qalib gələn Abdulrəhman bürünc medalı boynundan asıb.

İlkin Ağayev debütdə türkiyəli həmkarıyla bacarmayıb.

Yusif Dursunov İsrail güləşçisinə vaxtından əvvəl qalib gəlməklə dünya çempionatına inamlı start verib. Finlandiya idmançısına da eyni aqibəti yaşadan Dursunov yarımfinala yüksəlib. Ancaq Yusif finala bir addım qalmış Türkiyə təmsilçisinə uduzub. Bununla belə Macarıstan idmançısına gücünü göstərən həmyerlimiz dünya üçüncüsü olub.

Beləliklə, millimiz mundialı 3 bürünc medalla başa vurub.

45 kq
1/8 final: Yusif İsparov – Hayko Qasparyan (Ermənistan) 4:3
1/4 final: Yusif İsparov – Uilyam Baset (ABŞ) 4:11
Təsəlliverici görüş: Yusif İsparov – Malxazi Xelaya (Gürcüstan) 10:9
Bürünc medal görüşü: Yusif İsparov – Umidjon İskəndərov (Özbəkistan) 1:11

51 kq
1/8 final: Elman Məmmədov – Seyfulla İtayev (Fransa) 5:4
1/4 final: Elman Məmmədov – Əli Mahmud Xurramdel (İran) 0:10
Təsəlliverici görüş: Elman Məmmədov – Adrian Şikora (Polşa) 12:1
Bürünc medal görüşü: Elman Məmmədov – Çiraq Çiraq (Hindistan) 6:9

60 kq
Təsnifat: Abdulrəhman İbrahimov – Erik Mantanona (ABŞ) 6:2
1/8 final: Abdulrəhman İbrahimov – Hakob Davtyan (Ermənistan) 4:2
1/4 final: Abdulrəhman İbrahimov – Nurassil Serik (Qazaxıstan) 3:0
1/2 final: Abdulrəhman İbrahimov – Sinq Jaskaran (Hindistan) 2:6
Bürünc medal görüşü: Abdulrəhman İbrahimov – Məhəmməd Rza Şakiri (İran) 8:7

71 kq
Təsnifat: İlkin Ağayev – Ramazan Doğan (Türkiyə) 0:9

92 kq
1/8 final: Yusif Dursunov – Nikita Qubarets (İsrail) 10:0
1/4 final: Yusif Dursunov – Erik Matias Kataya (Finlandiya) 10:0
1/2 final: Yusif Dursunov – Rıfat Gidak (Türkiyə) 0:6
Bürünc medal görüşü: Yusif Dursunov – Roland Roş (Macarıstan) 4:0