“Bu gün elə durumdayıq ki, hər oyunumuz, “Qarabağ”la, “Sabah”la qarşılaşma kimidir” – MÜSAHİBƏ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Siz “Qarabağ”ı məğlub edəndən sonra (2:0) sosial mediada paylaşımlar oldu ki, “Ayntraxt” indi düşünür, yaxşı ki, “Kəpəz”lə qarşılaşmamışıq. Maraqlıdır, sizcə, sizin “Kəpəz” “Ayntraxt”ı məğlub etmək də yox, heç-heçə edə bilər?

– Bu suala cavab vermək doğru olmaz. Cümlənin, sualın özü də yanlışdır. “Qarabağ” da, “Ayntraxt” da bugünkü “Kəpəz”dən qat-qat güclüdür.

– Hazırlıqlar necə gedir, hədəflər nədir?

– Hazırlıqlara bu gün start vermişik. Hər şey qaydasındadır və öz axarı ilə gedir.

– AFFA-nın ayırdığ 2,5 milyon manatın ümidinə qalmısız, yoxsa əlavə gəlirlər var?

– Klubun büdcəsi və yaxud da hansısa məsələdən elə də çox məlumatım yoxdur. Əsas odur ki, klubun daxilində hər şey qaydasındadır və öz axarı ilə gedir. Gələcək planlar haqqında da yavaş-yavaş düşünməyə başlayırıq.

– Klubun gələcək hədəfləri nələrdir və hansı müddətdən sonra konkret nəticələr görmək istəyirsiz?

– Klubun hazırkı durumu bəllidir. Bu gün də Premyer Liqada yerimizi möhkəmləndirmək, bacardıqca yuxarı pillələr uğrunda mübarizə aparmaq istəyirik.

– Növbəti oyunda “Şamaxı” ilə qarşılaşacaqsız. Hansı ki, son turda debutant “Qəbələ”yə böyük hesabla (0:4) məğlub oldu. Bu oyundan gözləntiləriniz nələrdir?

– “Şamaxı” mənə elə gəlir ki, çempionatımızda ən sabit çıxış edən komandalardandır, baxmayaraq ki, son turda məğlub oldular. Amma Ayxan müəllim (Ayxan Abbasov, “Şamaxı”nın və Azərbaycan millisinin baş məşqçisi) yaxşı bir komanda formalaşdırıb və necə futbol oynamağı komandasına diktə etdirə bilir.

– “Kəpəz”lə budəfəki müqaviləniz əvvəlkindən daha sağlamdırmı? Ötən dəfə mövsüm bitəndə sizinlə yolları ayırmışdılar.

– Klubla müqaviləmin müddəti maya qədərdir. Hər şey planlaşdırdığımız kimi getdikdən sonra bəzi planlar haqqında konkret addımlar atacağıq.

– Siz Premyer Liqada qalmaq uğrunda mübarizə aparırsız. Bəs, çempionluq yarışı haqda nə düşünürsüz? Şəxsən sizin özünüz üçün “Qarabağ”a, yoxsa “Sabah”a qarşı oyunlar çətin olur?

– Bu gün elə durumdayıq ki, bizim hər oyunumuz, mənə elə gəlir ki, “Qarabağ”la, “Sabah”la qarşılaşma kimidir. Çünki maksimum dərəcədə xallar toplayıb, Premyer Liqada daha da yuxarılara irəliləmək istəyirik.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button