
“Hələ öyrənməli olduğumuz nüanslar var” – “Araz-Naxçıvan”ın baş məşqçisi
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko “Zaqatala” ilə keçirilmiş yoxlama oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib. Onun sözlərinə görə, bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq məqsədi daşıyıb:
“Hələ öyrənməli olduğumuz nüanslar var. Nəticə əhəmiyyətli deyildi. Uşaqların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və necə tətbiq etdiklərini yoxladıq. Əvvəlki görüşlərlə müqayisə etsək, bu gün daha yaxşı oynadıq”.
Demçenko yaxşı qollar vurduqlarını bildirib:
“Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdılar. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlərimiz oldu və onları düzəltmək üçün işləməliyik. Ümumi götürdükdə 13-14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdır, möcüzə yaratmaq mümkün deyil. Ancaq pozitiv geridönüşlər də gördük”.
Bu gün baş tutan görüş Naxçıvan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Facebook-da izləyin



