FİFA Əl-Həddadiyə icazə verdi – milli seçimini dəyişməyə

FİFA İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi Munir Əl-Həddadinin idman vətəndaşlığı ilə bağlı qərarını açıqlayıb.

Komanda.az xəbər verir ki, Mərakeş əsilli hücumameylli yarımmüdafiəçinin sözügedən ölkənin millisində oynamasına icazə verilib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə Əl-Hədaddinin idman vətəndaşlığının dəyişdirildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, ikili vətəndaşlığı olan Munir 2014-cü ildə İspaniya millisinin formasını geyinib. Bu səbəbdən FİFA 2018-ci ildə onun Mərakeş yığmasında oynamaqla bağlı istəyini rədd edib. 2020-ci ilin sentyabrında idman vətəndaşlığının dəyişdirilməsinə dair qərarın yumşaldılmasından sonra növbəti dəfə ali futbol qurumuna üz tutan oyunçu yenə eyni halla üzləşib. Əl-Həddadi yalnız 3-cü cəhdində arzusuna çata bilib. Artıq 26 yaşlı oyunçu bundan sonra Mərakeş yığmasının formasını geyinə biləcək.

“Barselona”nın yetirməsi olan Munir Əl-Həddadi 2018-ci ilədək məhz Kataloniya təmsilçisinin əsas və ikinci komandasında çıxış edib. O, “Valensiya” və “Alaves” klublarında da icarədə oynadıqdan sonra 2019-cu ildən “Sevilya”da forma geyinir.