“Fənərbaxça” yeni transferini icarəyə verdi

Türkiyənin “Qaziantep” komandası heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fənərbaxça”nın müdafiəçisi Stiven Kokeri heyətinə qatıb.

Bu barədə Qaziantep təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı ingilis müdafiəçi mövsümün sonuna kimi icarəyə götürülüb.

Stiven Koker “Fənərbaxça”ya bu yay “Alanyaspor”dan transfer edilmişdi. Lakin İstanbul təmsilçisinin yeni baş məşqçisi Vitor Pereyra onun xidmətində maraqlı olmadığını bildirmişdi.

Mərkəz müdafiəçisi olan Koker, 2019-cu ildən Türkiyədə çıxış edir. O, “Alanyaspor”da 85 matça çıxıb, 6 qol vurub. “Fənərbaxça”dan rəsmi debüt etmədən ayrılan İngiltərə millisinin sabiq üzvü, daha öncə “Tottenhem”, “Yovil Taun”, “Bristol Siti, “Suonsi Siti”, “Kardiff Siti”, KPR, “Sauthempton”, “Liverpul” və “Dandi Yunayted” klublarının da formasını geyinib.

“Qaziantep” mərakeşli yarımmüdafiəçi Əhməd Əl Messaudini də heyətinə qatıb. Niderlandın “Qroningen” klubundan transfer olunan 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Belçikada dünyaya göz açan yarımmüdafiəçi, peşəkar karyerasına “Lyers”də başlayıb. O, daha sonra “Standard” (Lyej), “Mexelen”, “Fortuna Sittard” klublarında da çıxış edib. Mərakeş yığmasına da dəvət alan futbolçu 2019-cu ildən “Qroningen”in formasını geyinirdi. Karyerası ərzində 199 rəsmi matça çıxmış futbolçu, 19 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.

Qazianteplilər Kamerun yığmasının üzvü Jan Armel Kana Bıyık ilə də yollarını ayırıblar. Fransada anadan olmuş futbolçu, 2019-cu ildən “Qaziantep”in uğurları üçün çalışırdı. 32 yaşlı futbolçu daha öncə “Havr”, “Renn”, “Tuluza” və “Kayserispor”da da çıxış edib. “Qaziantep”də 50 oyuna çıxıb, 3 qol vuran müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button