Eyni heyət, fərqli “Neftçi”: Vernidub Abasovun bacarmadığını necə bacardı?

“Neftçi” Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edərək, vacib qələbə qazandı. Bu nəticə bir daha göstərdi ki, ukraynalı mütəxəssis Yuri Vernidubun komandaya gəlişindən sonra “ağ-qaralar” həm nəticə, həm də oyun baxımından ciddi irəliləyiş əldə edib. Paytaxt klubu artıq daha dinamik, daha məzmunlu və ən əsası, daha “diri futbol” nümayiş etdirir.

Qılınc həmin qılıncdır, əl o əl deyil

Maraqlıdır ki, bu dəyişikliklər əsasən eyni heyətlə baş verir. Yəni, bu gün meydanda gördüyümüz futbolçuların böyük əksəriyyəti əvvəlki baş məşqçi Samir Abasovun dövründə də komandada idi. Ancaq həmin vaxt “Neftçi”nin nə oyunu baxımlı idi, nə də nəticələr qənaətbəxş sayılırdı.

Ötən mövsümün ortalarında komandaya baş məşqçi təyin olunan Abasovun fəaliyyəti “Neftçi” kimi böyük iddiaları olan klub üçün açıq şəkildə uğursuz oldu. Komanda onun rəhbərliyi altında nə sabit oyun quruluşu tapa bildi, nə də turnir cədvəlində iddialı mövqeyə yüksələ bildi. Daha çox nəticəyə hesablanmış, riskdən uzaq və bəzən həddindən artıq ehtiyatlı futbol “Neftçi”ni irəli aparmaq əvəzinə, dalana dirənmiş kimi göstərirdi.

Abasovun mətbuat konfranslarında səsləndirdiyi fikirlər də tez-tez müzakirə mövzusuna çevrilirdi. O, ötən mövsümün sonlarına doğru “bu komandanı mən yığmamışam” deyərək, məsuliyyəti müəyyən qədər üzərindən atmağa çalışmışdı. Ancaq cari mövsümdə artıq məhz özünün formalaşdırdığı heyətlə də ciddi irəliləyişin əldə olunmaması bu arqumentin də gücünü azaltdı. Əslində, ortaya belə bir sual çıxırdı: komanda da, futbolçular da sənin seçimin idisə, nəticə niyə dəyişmədi?

Nəticədə, klub rəhbərliyi vəziyyəti dəyişmək qərarına gəldi və Abasovla yollar ayrıldı. Baş məşqçi postu isə ukraynalı mütəxəssis Yuri Verniduba həvalə olundu.

Vernidubun gəlişindən sonra isə “Neftçi”nin siması qısa müddətdə dəyişməyə başladı. Komanda daha aqressiv, daha templi və daha inamlı futbol oynamağa başladı. Maraqlısı budur ki, ukraynalı mütəxəssis bu dəyişiklikləri elə Abasovun qurduğu heyətlə həyata keçirir. Bu isə istər-istəməz əvvəlki baş məşqçi dönəminin daha çox taktiki və idarəetmə problemləri ilə yadda qaldığını göstərir.

Gecikmiş təyinat

“Neftçi” hazırda addım-addım turnir cədvəlində yuxarı pillələrə doğru irəliləyir. Artıq komandanın adı tez-tez avrokuboklara vəsiqə verən mövqelərlə birlikdə çəkilir. Buna nail olub-olmayacaqlarını isə zaman göstərəcək.

Bir məqam da var ki, bu gün tez-tez müzakirə olunur: mövsümün əvvəlindən “sükan” Vernidubun əlində olsaydı, bəlkə də, “Neftçi” hazırda avrokuboklara gedən “qatar”a çatmaq uğrunda deyil, daha iddialı məqsədlər, hətta çempionluq uğrunda mübarizə aparırdı.

Mövsümün bitməsinə hələ 9 tur qalır və nəzəri şanslar mövcuddur. Ancaq reallıq budur ki, bu gün “Neftçi”nin avrokuboklara vəsiqə taleyi yalnız öz nəticələrindən deyil, müəyyən mənada rəqiblərin büdrəməsindən də asılıdır. Necə ki, əsas rəqiblərdən biri olan “Turan Tovuz”un son turda “Kəpəz”lə oyunda xal itirməsi (1:1).

Vernidub avrokuboklara getməməyi faciə saymır

Amma belə bir sual da yaranır: böyük tarixi və iddiaları olan klubun taleyinin rəqiblərin büdrəməsindən asılı vəziyyətə düşməsi kimin səhvinin nəticəsidir? Günahkar kimdir?

“Qəbələ” üzərində qələbədən sonra keçirilən mətbuat konfransında Yuri Vernidub da mövzuya toxunub və avrokuboklara vəsiqə qazanılmamasının faciə olmayacağını bildirib. Bununla belə, bunun xoşagəlməz hal olacağını da gizlətməyib:

“Avropaya getməsək, faciə deyil, xoşagəlməz hadisə kimi qiymətləndirəcəyik. Çox komandalar bunu istəyir. “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Zirə” və hətta “Şamaxı” da bunu istəyir. Nə olacaq, mövsümün sonunda görəcəyik”.

Statistika nə deyir?

Statistikaya nəzər salsaq, fərq daha aydın görünür. Samir Abasov bu mövsüm “Neftçi”ni Premyer Liqada 12 oyuna çıxarıb və bu matçlarda 3 qələbə, 6 heç-heçə, 3 məğlubiyyətlə cəmi 15 xal toplayıb. Qış fasiləsindən sonra “sükan arxasına” keçən Yuri Vernidub isə 9 oyunda 5 qələbə, 3 heç-heçə və yalnız 1 məğlubiyyətlə 18 xal qazandırıb.

Kəsəsi, bu rəqəmlər də göstərir ki, bəzən komandanın potensialını üzə çıxarmaq üçün təkcə yeni futbolçular yox, yeni baxış və yeni yanaşma daha vacib olur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button