
“Əl-Nəsr” baş məşqçisinə yeni müqavilə təklif edəcək
Səudiyyə Ərəbistanının “Əl‑Nəsr” klubu baş məşqçi Jorje Jezusla bağlı yekun qərarını vermək üzrədir. Klub rəhbərliyi portuqaliyalı mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2027-ci ilin ortalarına kimi nəzərdə tutulub. Klub rəhbərliyi baş məşqçinin fəaliyyətindən razıdır və əməkdaşlığı növbəti mövsümdə də davam etdirmək niyyətindədir.
Bundan əvvəl Jezusun gələcəyinin komandanın hücumçusu Kriştiano Ronaldonun qərarından asılı ola biləcəyi bildirilirdi. İddialara əsasən, futbolçu yayda klubu tərk edəcəyi halda portuqaliyalı mütəxəssis də postundan ayrıla bilərdi. Ancaq Ronaldo yaxın zamanda komandada qalmaq istədiyini açıqlayıb.
Jezus ötən ilin iyulunda “Əl-Nəsr”in baş məşqçisi təyin olunub. Hazırda onun komandası ölkə çempionatında turnir cədvəlinə başçılıq edir.
Bizi Facebook-da izləyin



