
“Kəpəz” azarkeşləri futbolu sevir və yaxşı anlayırlar” – MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasında demək olar ki, mövsümün ilk yarısı başa çatdı və komandalar qış fasiləsinə yollandı. Bu fasilə klublar üçün həm istirahət, həm də mövsümün ikinci hissəsinin hazırlıqlarına start vermək fürsətidir. Bəzi komandalar ölkə xaricində hazırlıq keçərkən, digərləri Bakıda və bölgələrdə məşqlərini davam etdirir.
Bölgə təmsilçisi “Kəpəz” də mövsümün qalan hissəsinə səylə hazırlaşan klublardandır. Komandanın qış hazırlığı, mümkün transferlər və digər məsələlərlə bağlı baş məşqçi Azər Bağırovla söhbətləşdik. Bağırovun Komanda.az-a müsahibəsini təqdim edirik:
– Hazırda “Kəpəz”in hazırlıq prosesi hansı mərhələdədir?
– Komandanın iki həftəlik istirahət dönəmində də məşq cədvəli atmışdım, futbolçular fərdi şəkildə çalışırdılar. Onlar düşərgəyə döndükdən sonra fiziki formalarının hansı vəziyyətdə olması ilə bağlı məlumatıları da aldıq. Daha sonra tutduğumuz proqram şəklində məşqlərə başlamışıq.
– Komandanın fiziki və taktiki durumu sizi qane edir?
– Əlbəttə, futbolçuların deyərdim ki, çox hissəsi öz işinə peşəkarcasına yanaşır. Düzdür, hər bir işdə olduğu kimi bizdə də axsamalar var. Amma fiziki durumları qənaətbəxşdir. Düşünürəm ki, çempionatda növbəti turun ilk oyununa daha üst səviyyəyə gətirib çatdıracağıq.
– Transfer planları ilə bağlı nə deyə bilərsiz? Hazırda danışıqlar apardığınız konkret futbolçular var?
– Konkret danışıqlarımız gedir, sadəcə bəzi məqamlar var ki, qış dönəmində kimin hazır olmasıdır, kimin klubundan hansı vəziyyətdə çıxmasıdır. Bilirik ki, qışda yaxşı futbolçular tapmaq çətindir və üstəgəl də, bu futbolçuların hansı vəziyyətdə olması çox önəmlidir.
– Qış fasiləsində komandanı tərk edən və yeni qoşulan oyunçularla bağlı məlumat verərdiz. Heyətdə ciddi dəyişikliklər gözlənilir?
– Bu barədə çox məlumat verə bilmərəm. Çünki bəzi məsələləri öz həllini tapdıqdan sonra demək daha doğru olar.
– Mövcud heyəti nəzərə alaraq, “Kəpəz”in əsas məqsədi nədir? Premyer Liqada qalmaq baxımından şanslarınızı necə qiymətləndirirsiz?
– “Kəpəz”i Premyer Liqada saxlayıb daha üst yerlər uğrunda mübarizə aparmaq istəyirik. Hər bir şey də bu etdiyimiz transferlərdən asılı olacaq.
– Komandanın bəzi oyunlarda xal itkisi yaşamasının əsas səbəbləri nələrdir və bu problemləri aradan qaldırmaq üçün hansı addımlar atılır?
– Əsas səbəblər düşünürəm ki, ehtiyat oyunçu çatışmazlığıdır. Və bu oyunçu çatışmaması da, bəzi oyunlarda bizə daha acı həqiqətlərini yaşatdı.
– Ötən mövsüm “Kəpəz”i Premyer Liqada saxlamağınıza baxmayaraq, rəhbərlik sizinlə yolları ayrılmışdı. Həmin qərara bu gün hansı prizmadan baxırsız? Bu, sizə əlavə motivasiya verir?
– Bilirsiz, keçmişdə qalan artıq keçmişdədir. Keçmiş haqqında düşünüb, fikirləşməyə dəyməz, mənə elə gəlir, böyük insanlar bu günlə və gələcəklə bağlı planlar qururlar.
– Rəhbərliklə münasibətiniz necədir? Sizə lazımi dəstək göstərilir?
– Rəhbərliklə münasibətlər normaldır, qaydasındadır. Hər şey öz axarı ilə gedir.
– Stadion məsələsi uzun müddətdir gündəmdədir. Arenanın yaz aylarında hazır olacağı bildirilir. Bu proses hansı mərhələdədir və komandanın ev oyunlarını öz şəhərində keçirməsi nə dərəcədə vacibdir?
– Bilirsiz, bütün dünyada ev oyunları çox vacib faktor daşıyır. Və ev oyunlarında qazanılan qələbələr demək olar ki, çempionatın 70 faizini təşkil edir. Ona görə də, bu gün bizim üçün də çox vacibdir Gəncədə – doğma divarlar qarşısında oyunlarımızı keçirmək.
– “Kəpəz” azarkeşləri önündə çıxış edərsə, bunun futbolçuların psixoloji durumuna və nəticələrə təsirini necə qiymətləndirirsiz?
– Düşünürəm ki, bu ancaq müsbət ola bilər. Çünki “Kəpəz” azarkeşləri futbolu sevir və yaxşı anlayırlar.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



