Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib

Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyalı insanların pandemiyadan qorunmasına xidmət edir.

Komanda.az xəbər verir ki, yaranmış vəziyyəti nəzərə alan AFFA rəhbərliyi 65 yaşdan yuxarı futbol veteranlarını gündəlik ərzaq malları ilə təmin etmək qərarına gəlib. Bu haqda qurumun “feysbuk” səhifəsi xəbər paylaşıb. Paylaşımda o da qeyd olunub ki, ərzaq məhsullarının çatıdırlması aprelin 20-dək nəzərdə tutulub. Görəsən, siyahıda kimlər yer alır, bu aksiya təkcə Bakıda yaşayan veteranlara şamil olunur, yoxsa başqa şəhər və rayonlarda olanlara da ərzaq təminatından pay düşür?

Bu suallara cavab tapmaq üçün Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayevlə əlaqə saxladıq: “Bu gün bütün ölkə koronavirusla mübarizə aparır. Operativ Qərargahın məlum qadağasından sonra qərara aldıq ki, Veteranlar İttifaqı olaraq biz də yaşı 65-dən yuxarı olan veteran futbolçularımıza müəyyən kömək göstərək. Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla danışdıq. O da lazımi dəstək göstərəciyini bildirdi. İlkin siyahıda 5 veteran futbolçunun adı qeyd olunub. Bunlar Yaşar Babayev, Əziz Əliyev, Rafiq Mirzəyev, Nadir Qasımov və Nağı Babayevdi. Fikrimiz var ki, yaxın günlərdə siyahını bir qədər də genişləndirək. Bölgələrdə yaşayan veteranlara gəlincə, onların da siyahısını hazırlayırıq. Qısa vaxtda o şəxslər də könüllülər tərəfindən ərzaqla təmin olunacaqlar”.
AFFA-nın ərzaq təminatından yararlananlar arasında Nadir Qasımov da var. Nadir bəy assosiasiynın bu nəcib təşəbbüsünü alqışladığını bildirdi: “Hələ ki 5 veterana ərzaq yardımı göstərilir. Bu “beşlik”də yer alanların yaşı 70-dən yuxarıdı. Ən cavanımız Rafiq Mirzəyevdi ki, onun da 69 yaşı var. Bildiyimə görə, siahını genişləndirmək niyyətləri var. Belə nəcib təşəbbüsə görə zəng vurub AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova, Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayevə təşəkkür etmişəm. Çingiz İsmayılovun da adı siyahıya salınmışdı. Lakin o ərzaq təminatından imtina etdi. Ərzaq dolu səbət könüllülər tərəfindən bizə gətirilir. Belə deyək, ayda 5 dəfə bizə belə yardım ayrılır. Səbətdə makaron və un məmulatları, qarabaşaq, yağlar, sular, şirələr, bir sözlə, gündəlik tələbat malları yer alıb. İnşallah, tezliklə bu bəla çəkilib gedər. Hamımız gündəlik həyatımızı yaşayarıq”. (Futbol+)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button