Burada olmaq bir ayrı dərddir, Qurban Qurbanov

Natiq Muxtarlı

“Kadi formada deyil, bu futbolçu əvvəlki oyun keyfiyyətini tamamilə itirib. Əsl Kadini görməyimiz isə uzun çəkər. Zubir ancaq özü üçün – fərdi oynayır. Almeyda lazımsız futbolçudur, Ozobiç də qocalıb, ondan bu komandaya dərman olmaz. “Qarabağ”a hücumçu lazımdır ey, hücumçu. Bu hücumçularla “Lex”ə Bakıda da qol vurmaq mümkün olmayacaq. “Qarabağ”ın oyun sistemini bütün rəqiblər əzbər bilirlər, ona görə də qarşısını almağı bacarırlar. Oyun sistemi dəyişməlidir. Mütləq! Mütləq!”

“Lex”lə ilk qarşılaşmadan sonra sosial şəbəkənin Azərbaycan seqmentini bürümüşdü belə məsləhətlər, “mütəxəssis” rəyləri. Cəmisi bir həftə çəkdi ey… Cəmisi bir həftə sonra Kadi elə bir formaya yüksəldi ki… Almeyda meydanda 90 dəqiqə motor kimi çalışdı. “Qoca” Ozobiç rəqibin səhvindən elə məharətlə yararlandı ki… O məqamda o cür soyuqqanlı olmaq hər “bitmiş futbolçu”nun işi deyil. “Qarabağ” bu hücumla “Lex”ə Bakıda qol vura bilmədi, amma cəmisi 5 dəfə mərkəzə dəvət etdilər polyakları.

“Qarabağ”ın oyun sistemini bütün komandalar bilir, ona görə də qarşısını asanlıqla alırlar – “Qarabağ”ın oyun sistemini hər kəs bildiyi halda bu komanda 8 ildir avrokubokların qrupunda oynayır? “Qarabağ”ın oyun sistemini “Lex”in baş məşqçisi əla incələmişdi. Elə əla incələdiyi üçün də Bakıda cəmisi 5 qol buraxdılar. İncələməsəydi…

Bilirəm, Qurban Qurbanov, tənqidə olduqca sağlam münasibət göstərirsiz. Amma tənqid də tənqid olmalıdır axı. Tənqidin məntiqi Həzrət Abbas qılıncı kimi iti olmadısa, tənqid deyil, qərəzdir. Belə “tənqid”i eşitmək də dərddir, Qurban Qurbanov.

Sosial şəbəkədən istifadə etmədiyinizi də bilirəm. Burada olmaq bir ayrı dərddir. Dərmanı olmayan dərd. Buradakı “mütəxəssislər”in məsləhətini eşitmək isə dərdlərin dərdidir. Elə yaxşısını siz edirsiz, buralara gəlməyin, Qurban Qurbanov. Buradakı dərd də bir ayrı dərddir. Çəkiləsi dərd deyil. Futbolumuzun dərdini çəkməkdə davam edin. Sizə əlavə dərd lazımdır? Bura gəlməyin ha!

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button