
Mircavadov: “Sabah” oyunçu keyfiyyətinə görə və xal baxımından yaxşı vəziyyətdədir”
“Qarabağ” Azərbaycan Premyer Liqasının 28-ci turunda, aprelin 18-də hazırda turnir cədvəlinin lideri olan “Sabah”la qarşılaşacaq.
Çempionluq mübarizəsi baxımından vacib əhəmiyyət daşıyan bu qarşılaşma ilə bağlı AFFA Məşqçilər Komitəsinin üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun fikirlərini öyrəndik.
Mircavadov Komanda.az saytına açıqlamasında gərgin oyun olacağını dedi:
“Gərgin oyun olacaq. “Sabah” oyunçu keyfiyyətinə görə və xal baxımından yaxşı vəziyyətdədir. UEFA Çempionlar Liqasından sonra ola bilər ki, “Qarabağ”da bəzi oyunçulara təkliflər olub. Yəni, bu söhbətlər var. Bu da məlum şeydir ki, öz təsirini göstərir. Amma hazırda inanıram ki, “Qarabağ” bu matça köklənəcək və biz yaxşı oyun görəcəyik. Çünki bir müddət əvvəl həmin stadionda (Tofiq Bəhramov adına arenanı nəzərdə tutur) hesab 3:3 oldu. “Sabah” 3:0 öndə olduğu halda sona 20 dəqiqə qalmış “Qarabağ” üç top vuraraq hesabı bərabərləşdirdi. Hətta mən deyərdim ki, “Qarabağ”ın dördüncü qolu vurmaq üçün vaxtı çatmadı. Ona görə ki, “Sabah” 3:0-dan sonra arxayınlaşdı.
Ümumiyyətlə, bu oyunun təsiri sonrakı turlara da keçə bilər. Hansı komanda üç xal qazansa, daha da ruh yüksəkliyi ilə oynayacaq. “Qarabağ” qalib gəlsə, çalışacaq ki, “Sabah”a çatsın. Və düşünürəm ki, qalan oyunları da elə qələbə ilə başa vura bilər. “Sabah” udsa, “Qarabağ”la xal fərqini daha da artıracaq və hesab edirəm ki, çempionluğunu təmin edə bilər. Ayın 18-dəki oyun həm azarkeşlər üçün, həm də hər iki komanda üçün maraqlı olacaq. Bu oyun çempionluq baxımından hər iki klub üçün vacibdir”.
“Sabah” Premyer Liqanın sonuna 6 tur qalmış 66 xalla turnir cədvəlinə başçılıq edir. “Bayquşlar”dan bir oyun az keçirən “Qarabağ”ın 56 xalı var və ikincidir.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



