“Borussiya”dan “Trabzonspor”a

“Trabzonspor” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçilər Tonio Tekliç və Göktan Gürpüzü transfer edib.

Xorvatiyanın “Varajdin” klubundan transfer olunmuş Tonio Tekliçlə 3 illik müqavilə imzalanıb. 23 yaşlı xorvat futbolçunun transferi trabzonlulara 1 milyon avroya başa gəlib. “Hayduk”un yetirməsi olan Tekliç “Hrvatski Draqovolyaç”da, Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.

Göktan Gürpüz isə Dortmund “Borussiya”sından transfer olunub. 20 yaşlı futbolçu Türkiyə klubu ilə 3+2 illik müqavilə bağlayıb. Trabzon klubu onu azad agent kimi heyətinə cəlb edib. “Borussiya”nın yetirməsi olsa da, bu klubun əsas komandasında forma şansı qazanmamış futbolçu Türkiyənin U-16 və U-21, Almaniyanın U-19 yığmalarında da oynayıb.

“Trabzonspor” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Mərakeşli sağ cinah vingeri Montasser Lahtimi ölkəsinə qayıdıb. 22 yaşlı futbolçu icarə əsasında “Vidad”a keçib. Mərakeş klubu onu satınalma şərti ilə bir illik icarəyə götürüb. “Trabzonspor”a ötən ilin avqustunda Mərakeşin digər klubu “Rabat”dan gəlmiş Lahtimi, Türkiyə klubunda cəmi 10 matça çıxıb.

“Trabzonspor”un digər yarımmüdafiəçisi Dorukhan Toköz isə “Adana Dəmirspor”a keçib. 27 yaşlı futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. Toköz Trabzon klubuna 2021-ci ildə “Beşiktaş”dan azad agent kimi keçmişdi. O, bu komandada iki mövsüm ərzində 41 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb.

“Adana Dəmirspor” Fransanın “Reyms” klubunun mərkəz müdafiəçisi Endryu Qravillonu da heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button