Bizi dirilt, həyat ver, ya Şeyx Nəsrullah!

Futbola cavabdeh olan bir nömrəli şəxsin – AFFA prezidentinin futbolun “F” hərfindən belə, xəbəri yoxdur. Sorğu-sual etsən, normal standartlarda futbol meydançasına çıxan iki komandanın hər birinin heyətində neçə futbolçu olmalı olduğunu da bilmir bəlkə.

Azərbaycanın milli komandaları rəqiblərindən qollar yeyib uduzduqca kökələn, dərisinə sığmayan başı batmış futbolun baş katibi Elxan Məmmədov başını itirən idman jurnalistlərinin qarşısına çıxıb “Mən baş katib kimi başladım, hazırda icraçı vitse-prezidentəmsə, deməli, nələrisə düzgün etmişəm. Mənə qiyməti məni işə götürənlər verirlər” deyir. Bunu o adam deyir ki, başında durduğu federasiyanın cavabdehlik daşıdığı əsas milli komanda son seçmə mərhələni itin qabağına atsan, abrına qısılıb, götürməyəcəyi bir xalla başa vurmuşdu.

Ərinməyib durub İtaliyadan basa-basa Azərbaycana gələn Canni De Byazi “mən Albaniya millisində bunu etmişdim, onu etmişdim, yeni baş məşqçisi olduğum yığma komandada bunları edəcəm, inanıram, güvənirəm” deməkdən yorulmur. Uzun illər Albaniya millisinin ən vacib futbolçularından olmuş Ansi Aqolli Azərbaycanın əsas klubunun – “Qarabağ”ın aparıcı üzvlərindən idi. Görəsən, Canni ərinməyib durub Azərbaycana gələndə, özünə əziyyət verib bizim milli komandanın hansısa üzvünün başqa bir ölkənin normal klubunda normal şəkildə çıxış edib-etmədiyi ilə maraqlanmışdımı? Bizim Ansi Aqollimiz yoxdur, Canni bəy, vallah da yoxdur, billah da yoxdur.

Adını yazmağı bacaran əlinə klaviaturanı alıb “mən idman yazarıyam, elə dögül, belədür” deyir. Görürsən, qarşına çıxır, dəhşətə gəlirsən. İnsan, özü də savadlı olduğunu, cahil olmadığını iddia edən jurnalist-insan bu qədərmi dayaz düşünər? Bu qədərmi baş verənlərə bəsit yanaşar? Hər dəfə milli komandanın heyəti açıqlananda elə şövqlə, ehtirasla müzakirələr aparırlar, məlumatı olmayan adam elə düşünər ki, bura Braziliyadır, hər tərəf futbolçu qaynayır, seçim etmək çətindir. A kişi, a bəy, Məmməd olmasın, Mamed olsun, Həmdulla olmasın, Sədulla olsun, nə dəyişib, nə dəyişir, nə dəyişəcək? Ay jurnalist, ay yoldaş, İmişlidə, Tovuzda, Yevlaxda, Lənkəranda, Masallıda, Naxçıvanda, Şəmkirdə, Gəncədə, Qubada, Qusarda futbol ölüb ey, ölüb. Stadionlar dağılıb, qoyun-quzu otlağına çevrilib. Xarabalıq üzərində AFFA-nın futbolun bütün qayda-qanunlarına tüpürərək maliyyələşdirdiyi klubların cəm olduğu Bakı çempionatı ortaya çıxıb. Ki, sən jurnalist də AFFA-nın bu oyuncaq çempionatını yenə elə şövqlə, ehtirasla izləyirsən, yazırsan, pozursan, məlumatsız biri elə anlar ki, bəs, söhbət İspaniya, İngiltərə çempionatlarından gedir.

Sənin futbolunun başındakı adamı – Rövnəq Abdullayevi əmrlə, tapşırıqla AFFA-nın prezidenti “seçirlər” hər dəfə. Futbolun, futbol federasiyasının, futbol klubunun müstəqil olmalı olduğunu unutmağın bir yana, özün də çoxdan öz müstəqilliyini unutmusan, yadırğamısan, jurnalist yoldaş. Canni De Byazi Şeyx Nəsrullahmış, ölmüş Azərbaycan futbolunu dirildəcəkmiş… Bu, “kəramətin”ə şəkk etmədiyiniz neçənci Şeyx Nəsrullahdır, hörmətli həmkarlar? Bir dəqiqə, gülməyim gəldi, gülüm, növbəti abzasa keçəcəm.

Azərbaycanın iki idman telekanalı var: “İdman” TV və “CBC Sport”. Arada kanalları qarışdıranda, qarşıma çıxır, görürəm, hakimlik, məşqçilik, futbolçu karyerası ərzində oyun satan, oyun alan, futbol adına az qala bütün əxlaqsızlıqlara imza atmış şəxslər mavi ekrandan ekspertlik edirlər. Bu adamlar yol göstərirlər, a kişi! Dünənə kimi oyun alverçisi kimi ad çıxarmış, hətta bəzilərinin alver edərkən çəkilən videoları sosial şəbəkənin, saytların bəzəyinə çevrilmiş bu adamlar Azərbaycan futbolunun problemlərindən danışıb, arada dərin fikrə gedirmiş kimi poz verirlər.

Belə futbolun üstündən Portuqaliya, Qətər yox, qatar da keçməlidir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button