
Birinci Liqanın iddialılarının infrastruktur müəmması – Onlar Premyer Liqaya hansı arena ilə gələcəklər?
Mövsüm sona yaxınlaşır. Hamının başı çempionluq, avrokuboklar uğrunda mübarizəyə qarışıb. Amma çoxu aşağı liqadan kimin gələcəyini, Premyer Liqanın cari mövsümünün sonuncusunu Birinci Liqada hansı komandanın əvəzləyəcəyinə çox da diqqət göstərmir. Əslində, burada addan çox, bu komandanın hansı səviyyədə, hansı şəraitə malik olması mühümdür. Cari mövsümün gedişində “İmişli”, “Karvan-Yevlax”la bağlı hansı problemlərin yaşanmasını xüsusi vurğulamağa gərək yoxdur. Hələ “Araz-Naxçıvan” da var. Naxçıvan təmsilçisi Birinci Liqadan gələndən bəri doğma şəhərində bir oyun da keçirməyib.
Bəs, növbəti mövsümdə bizi Birinci Liqadan hansı komanda gözləyir? Hansının Premyer Liqa oyunlarını qəbul edəcək stadionu var? Hazırda Birinci Liqadan yüksək liqaya vəsiqə qazanmağa əsas namizədlər “Şəfa”, “Mingəçevir”, “Baku Sportinq” və “Səbail”dir.
“Şəfa” aşağı liqada ev oyunlarını Binə qəsəbə stadionunda keçirir. Arena Premyer Liqa oyunlarına uyğun deyil. Hətta müəyyən işlərin görülməsi də bu stadionu yüksək liqa standartlarına çatdıra bilməz.
“Mingəçevir” rəqiblərini Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında qəbul edir. Bu arena da ancaq aşağı liqa oyunları üçün nəzərdə tutulub, yüksək liqa standartlarından çox uzaqdır. Əsas stadionda isə Premyer Liqa standartlarına uyğunlaşdırma üçün əsaslı təmir lazımdır. Ən birinci isə ot örtüyünün dəyişdirilməsinə ehtiyac var. Klub yüksək liqaya vəsiqə qazansa bu işlərin nə qədər vaxta (ümumiyyətlə, görülüb-görülməyəcəyi) görülə biləcəyi, görülsə, mövsümün hansı hissəsinə hazır ola biləcəyi müəmmalıdır.
“Baku Sportinq”in ev oyunlarını keçirdiyi Buzovna qəsəbə stadionu əvvəllər güclülər dəstəsi (indiki Premyer Liqa) oyunlarını qəbul etsə də, o vaxtın standartları ilə indinin standartları arasında yerlə göy qədər fərq var. Yəni, bu arena da Premyer Liqanın həndəvərindən də keçə bilməz. Bunun üçün arenada əsaslı, həm də, çox əsaslı iş aparılmalıdır.
“Səbail” Birinci Liqada yüksək dəstəyə iddialı klublar arasında ev oyunlarını keçirdiyi stadiona görə ən şanslı olanıdır. Komandanın ev matçlarını keçirdiyi Bayıldakı “ASCO Arena” yüksək liqa standartlarına uyğun yeganə arenadır. Amma bu stadionda da təmirə ehtiyac var. Lakin bu əsaslı təmir növbəti mövsümün əvvəlinə kimi kifayət edə bilər. Hər şeydən öncə isə artıq köhnəlmiş süni örtük yenisi ilə əvəz edilməlidir. Bu yaxınlarda arenanın təmirə bağlanacağl barədə məlumatlar yayılmışdı. Ola bilsin, bu təmirdən sonra çatışmazlıqlar da aradan qalxacaq.
Göründüyü kimi, aşağı liqa klublarından yüksək liqaya can atanların arenalarında vəziyyət heç də Premyer Liqa standartlarına uyğun deyil. Yüksək liqada mübarizə aparan “İmişli”, “Araz-Naxçıvan” kimi klubların arena probleminin hələ də davam etdiyini nəzərə alsaq, qarşıdakı mövsümdə də Premyer Liqada bizi növbəti stadion problemlərinin gözlədiyini deyə bilərik. Aşağı liqanın iddialıları artıq indidən stadion məsələsini həll etməli, PFL-ə bu barədə məlumat verməlidirlər. Ən azı, ev oyunlarını keçirməyi planlaşdırdıqları arenalarda çatışmazlıqları aradan qaldırmağa başlaya bilərlər. Amma bu stadionlar məlumdurmu, məlumdursa, iş gedirmi? Hələ ki, bu barədə nə bir xəbər, nə də hərəkətlilik görünür.
Əmir
Bizi Facebook-da izləyin



