Marketin üzərindəki şəkil

Rəşad Ergün

Ceyranbatanda, yolun kənarında yekə bir “Araz” market var. Marketin üzərinə ikinci Qarabağ müharibəsi iştirakçısı olmuş şəhidimizin şəkli vurulub. Bu, marketin sahiblərinin vətən və vətən uğrunda canından keçənlərə sayğısı, sevgisidir. Əla! Super!

Marketin bir tərəfi yola baxır. Həmin yol isə böyük bir qəsəbəyə giriş-çıxış yoludur. Market sahibləri həmin yolun bir tərəfini avtodayanacaq ediblər – piyadalar üçün nəzərdə tutulan səkini yox etməklə, insanların gediş-gəlişlərinə yekə bir əngəl yaratmaqla, xülasə, öz ciblərini düşünməklə. Kim bilir, bəlkə, “Araz” marketin piyada səkisini yoxa çıxarıb, avtodayanacağa çevirdiyi, darlaşdırdığı, irəlidən və arxadan gələn maşınların yaratdığı təhlükə qarşısında o yoldan hər gün həmin şəhidin anası, bacısı, həyat yoldaşı, uşaqları da keçib-gedir. Kim bilir?

* * *

Avstiyalı Frits Stuxlik 4 il AFFA Hakimlər Komitəsinin sədri vəzifəsində çalışdı. Hər ay, hər həftə tənqid olunurdu, Azərbaycanın futbol hakimliyinin bütün problemləri, günahları boynuna yüklənmişdi. Stuxlik getdi, dili dilimizdən, dini dinimizdən olan türkiyəli Barış Şimşək Hakimlər Komitəsinin sədri təyin olundu. O da tənqid olunur, Azərbaycanın futbol hakimliyinin dərdi, qəmi, qüssəsi onun da boynuna yüklənir. Lap əvvəl də belə idi, hələ Stuxlikdən öncə, Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri olanda, ona da hücumlar edilirdi, Azərbaycan futbol hakimliyinin evini yıxan biri olaraq göstərilirdi.

* * *

Azərbaycan qəribə ölkədir, insanlarının əksəriyyəti isə ədalətsizdir. Bu, elə bir ölkədir ki, marketin üzərinə şəhidin şəklini vurub, marketin yanındakı yolda avtodayanacaq düzəldib, şəhidin anasının, bacısının, həyat yoldaşının, uşaqlarının yolunu kəsə bilərsən. Əsas şəkildir…

* * *

Bəlkə də, problem Frits Stuxlikdə, Barış Şimşəkdə deyil, dünyaya, bəşəriyyətə, çevrəsinə münasibətdə ədalətli olmayanlardan ədalətli futbol hakimliyi gözləməkdə yanılırıq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button