“Beşiktaş”da istefa

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Abdullah Avcının köməkçilərindən biri istefa verib.

Komanda.az xəbər verir ki, bu yay Avcı ilə birgə “Başakşəhər”dən “Beşiktaş”a gələn Orhan Ak, vəzifəsindən ayrılmaq qərarına gəlib.

Buna onun “qara qartallar”ın düşərgəsində çalışmağa başlayandan bəri azarkeşlərin etirazları ilə üzləşməsi səbəb olub. Vaxtilə “Beşiktaş” azarkeşləri ilə problem yaşamış Ak, sözügedən komandada işə başlasa da, fanatlar köhnə haqq-hesabı yaddan çıxarmayıblar. Onlar “Beşiktaş”ın bu yay keçirdiyi yoxlama oyunlarında, həmçinin Super Liqanın 1-ci turu çərçivəsinə keçirilmiş “Sivasspor”la səfər oyununda Orhanın ünvanına təhqiramiz şüarlar səsləndirmiş, istefasını tələb etmişdilər. Vəziyyətin dəyişmədiyini görən Ak da istefa vermək məcburiyyətində qalıb.

Artıq “Beşiktaş” rəhbərliyi Akın istefasını qəbul edib. Abdullah Avcının onun əvəzində kiminlə çalışacağı hələlik, bəlli deyil.