
“İmişli” Kaşkilya ilə danışıqlara başlayıb – AÇIQLAMA
“İmişli” Azərbaycan Premyer Liqasının cari mövsümünün startında atdığı addımla hər kəsi təəccübləndirdi. Belə ki, bölgə təmsiləçi Premyer Liqaya ilk dəfə vəsiqə qazandığı mövsümdə baş məşqçisini Avropadan gətirdi. Portuqaliyalı Jorj Kaşkilya ilə anlaşan debütant mövsümün əvvəlində ictimaiyyətin qınaq obyektinə çevrilmişdi. Ölkədə kifayət qədər işsiz yerli məşqçi qala-qala imişlililərin əcnəbi mütəxəssislə anlaşması birmənalı qarşılanmadı. Amma gedişat və mövsümboyu göstərilən nəticələr belə demək mümkünsə, “İmişli”nin düzgün istiqamətdə olduğunu göstərdi. Birinci Liqadan yeni gələn komandanın özündən həm maliyyə, həm də keyfiyyət baxımından qat-qat güclü komandalara boy göstərməsi bunun bariz nümunəsidir.
Bütün bunların fonunda, cari mövsüm artıq sona yaxınlaşır və “İmişli” demək olar ki, Premyer Liqada yerini qorumaq üzrədir. Görünən odur ki, bölgə təmsilçisini gələn mövsümdə də elitada izləyə biləcəyik. Bəs, görəsən, “İmişli” Kaşkilyanın fəaliyyətindən razıdır? Yayda müqaviləsinin müddəti başa çatacaq mütəxəssislə yola davam ediləcəkmi? Onun qarşısına hansı hədəflər qoyulub və ümumiyyətlə, o hədəflərin yeni müqavilə ehtimalına təsiri varmı?
Bu suallara cavab tapmaq üçün “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu ilə əlaqə saxladıq. Behbudlunun Komanda.az-a açıqlaması belə oldu:
“Birinci il üçün əsas hədəfimiz turnir cədvəlində layiqli mövqe tutmaq və sabit, uğurlu nəticələr əldə etmək idi. Klub olaraq bu məqsədə çatmaq üçün maksimum səylə çalışırıq və bu istiqamətdə artıq müəyyən irəliləyişlər müşahidə olunur.
Baş məşqçimiz də öz növbəsində, komandanın inkişafı və qarşıya qoyulan məqsədlərə çatması üçün maksimum səylə fəaliyyət göstərir. Onun işi klub rəhbərliyi tərəfindən müsbət qiymətləndirilir və ümumilikdə baş məşqçi ilə bağlı yanaşmamız pozitivdir.
Hazırda baş məşqçi ilə müqavilənin müddətinin uzadılması istiqamətində danışıqlar davam edir, eyni zamanda, növbəti mövsüm üçün hədəflər və planlar üzərində də iş aparılır. Şübhəsiz ki, gələn mövsümdə klubun qarşısına qoyulan məqsədlər daha iddialı olacaq.
İnanırıq ki, komanda bu mövsüm qarşıya qoyulan hədəflərə nail olacaq. Baş məşqçi ilə bağlı yekun qərar və daha ətraflı məlumat isə çempionat başa çatdıqdan sonra ictimaiyyətə təqdim ediləcək”.
“İmişli” Premyer Liqada 27 turdan sonra 26 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



