
Azərbaycan futbolunun yeni filmi: “Yeddi oğul istərəm…”
“Araz-Naxçıvan” Andrey Demçenkonun baş məşqçi kimi təyinatını açıqlayandan sonra Azərbaycan Premyer Liqasında əcnəbi mütəxəssislərin sayı 7-yə çatdı. Demçenkonun gəlişi ilə isə ukraynalı məşqşilərin sayı 2 oldu. Daha əvvəl “Neftçi” ukraynalı Yuri Vernidubla müqavilə bağlamışdı.
Premyer Liqada 12 komanda olduğunu nəzərə alsaq, onlardan 7-sinin “sükan”ı əcnəbilərə tapşırması müzakirə olunacaq məsələdir.
“Qarabağ”la “Zirə”ni çıxmaq şərti ilə, digər klubların da yerli mütəxəssislərə etimadı və etibarı tam deyil, istənilən an hər şey dəyişə bilər. Təkcə Qurban Qurbanovun “Qarabağ”dan, Rəşad Sadıqovun isə “Zirə”dən ayrılacağı ehtimal olunmur.
Maraqlı bir məqam Azərbaycan klublarının ukraynalı məşqçilərə “sevgi”sinin artmasıdır. Halbuki, bir müddət əvvələ qədər Azərbaycana daha çox rusiyalı mütəxəssislər dəvət olunurdu. Xüsusən də, “Sabah” tərəfindən: Murad Musayev, Vasili Berezutski. “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevi bəzi mənbələr rusiyalı kimi təqdim etsə də, o, əslində Aşqabad doğumludur və türkmənistanlıdır.
Hazırda Azərbaycan Premyer Liqasında iki ukraynalı (“Neftçi”, “Araz-Naxçıvan”), bir türkmənistanlı (“Turan Tovuz”), bir litvalı (Valdas Dambrauskas, “Sabah”), bir portuqaliyalı (Jorj Kaşkilya, “İmişli”), bir serbiyalı (Saşa İliç, “Sumqayıt”), bir gürcüstanlı (Kaxaber Tsxadadze, “Qəbələ”) baş məşqçi fəaliyyət göstərir.
Azərbaycan klublarının əcnəbi məşqçilərə “qucaq açması” təbii ki, işsiz yerli mütəxəssislərin sayını da artırır. Hazırda onların sayı çoxdur və əksəriyyəti ya öz profili üzrə işləmir, ya da, daha aşağı səviyyəli komandalarda fəaliyyət göstərirlər. Təbii ki, belə bir mənzərənin yaranmasında yerli məşqçilərin özlərinin də rolu az deyil. Məsələn, Samir Abasova “Neftçi”də yetərincə şans verildi, amma böyük büdcəyə rəğmən, komanda heç bir nəticə əldə edə bilmədi. Əvəzində, Abasov daim nədənsə şikayətləndi. Nəticədə, o göndərildi, “xahiş-minnət”lə ukraynalı Vernidub gətirildi.
Əcnəbi məşqçilərə güvənmək necə, çıxış yoludurmu? Son illərdə Azərbaycana avrokuboklarda uğurları Qurban Qurbanovun və nisbətən Rəşad Sadıqovun qazandırdığını (“Zirə” ilə Konfrans Liqasında pley-off mərhələsinə kimi irəliləmişdi) nəzərə alsaq, cavab “yox” olacaq. Baxmayaraq ki, “Sabah” bu mövsüm Dambrauskasla əla çıxış edir və hazırda Premyer Liqanın vahid lideridir. Kim bilir, bəlkə, litvalı mütəxəssis “xarici məşqçilər bizə nə qazandırır ki” giley-güzarına son qoyacaq.
Hazırda isə görünən odur ki, ya vəlvələdən, ya zəlzələdən, Azərbaycan futbolunda azərbaycanlı futbolçular kimi, azərbaycanlı məşqçilərə də inamsızlıq var.
Kürşad
Bizi Facebook-da izləyin



