
Ayxan Abbasov: “Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır”
“Şamaxı” Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra oyunla bağlı fikirlərini bildirib:
“Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, sabit oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm.
Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır. Mühüm amillər var. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Eyni zamanda, avrokubok üçün büdcə lazımdır.
Premyer Liqada qalmaq üçün 25 xalın bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik”.
Bizi Facebook-da izləyin



