Axı siz ölməmisiz, Mixalevskinin hesabına Moskvada yeyib-içən veteranlar!

Anar Şabanoğlu

Dünya çempionatın finalında Dieqo Maradonaya qarşı mübarizə aparan, veteran futbolçularımızın mənəvi atası, gülməli ittihamla həbs olunan dəyərli azərbaycanlı haqda danışacam.

Gənclər arasında dünya çempionatının gümüş medalını qazanmış iki azərbaycanlıdan biri (digəri İqor Ponomaryov) Vladimir Mixalevski 20 gündür İspaniyadan Rusiyaya ekstradisiya edilib.

Bakıda doğulan müdafiəçi “Neftçi”nin heyətində 185 oyunda 5 qol vurub.

Onu çalışdığı “Dinamo” cəmiyyətində 21.4 milyon rublu mənimsədiyi ittihamı ilə həbs ediblər.

Mixalevski kifayət qədər zəngin adamdır. Məhz bu səbəbdən 21.4 milyon rubla görə həbs edilməsi ciddi şübhələr yaradır. Böyük ehtimalla, həbsin əsl səbəbi 21.4 milyon deyil. Ən azı ona görə ki, o, bu məbləği dərhal ödəyə bilər.

Mixalevski – soldan 3-cü

Həbsindən öncə, ötən ilin noyabrında 60 illik yubileyi olan veteranı AFFA həmişəki kimi, ənənəsinə sadiq qalaraq unutmuşdu. Bu təşkilatın rəhbərlərinin azadlıqdakı veteranlara və ümumiyyətlə, futbolumuza münasibətini bildiyimizdən, həbsdə olan birinə dəstək verəcəklərini gözləmirik. Amma…

Veteranlar yaxşı bilirlər ki, Mixalevski azərbaycanlı futbolçuların dayağı olub. Azərbaycan futbolunun yetirmələri Mixalevskinin hesabına özlərinə Moskvada, Bakıda, başqa yerlərdə iş-güc, şərait qurub, ailə üzvləri, yaxınları üçün onunla münasibətlərdən bacardıqları qədər istifadə, bəlkə də sui-istifadə ediblər.

İndi məntiqi sual yaranır: hardadır o veteran futbolçular?

Rəhmətlik Sergey Kramararenko sağ olsa, bir saniyə də susmazdı! Axı siz ölməmisiz, hər gün Mixalevskinin hesabına Moskvada yeyib-içən futbol veteranları!

Gülməli ittihamla həbs edilən Mixalevski Azərbaycan futbolunun yetirmələrinə bu məbləğdən dəfələrlə çox pul xərcləyib. Mixalevski Maşallah Əhmədov həbs olunanda da ona açıq-aşkar dəstək verən tək-tük veteranlardan idi. Mixalevskini əminliklə Azərbaycanın futbol veteranlarının mənəvi atası, ən azı böyük qardaşı adlandırmaq olar. Bəs onlar bugünəcən Mixalevskinin azadlığa çıxması üçün nə edib?! Veteran futbolçu Oqtay Abdullayevin məsələ ilə bağlı ona zəng edən jurnalistə “Rusiya prokurorluğuna müraciət etməyi fikirləşirik” açıqlamasından başqa, bu haqda heç nə eşitməmişəm…

Mixalevski Maradonaya qarşı (sağ küncdə)

Mixalevskinin Rusiyaya ekstradisiyasının videosuna, o vəziyyətdə danışdırılmasına baxıb çox üzüldüm… Dünya çempionatının finalında Maradonaya qarşı oynamış, veteran futbolçularımız üçün ürəyini verməyə hazır, müsahibələrində hər dəfə “Mən azərbaycanlı olmağımla fəxr edirəm” deyən Vladimir İvanoviçi bu vəziyyətdə görmək ürək ağrıdır.

Allah bütün günahsız insanların qapısını açsın!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button