“Atatürkün klubu olaraq bilinən “Fənərbaxça” tərəfdarına bu heç yaraşmadı” – Naci Şensoy

“Fənərbaxça” azarkeşlərinin UEFA Çempionlar Liqasının Kiyev “Dinamo”su ilə oyununda Rusiya prezidenti Vladimir Putinin adını səsləndirməsi gündəm olub. Artıq UEFA da bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Çox güman, İstanbul klubuna hansısa cəza veriləcək.

Komanda.az məsələ ilə bağlı vaxtı ilə Azərbaycanda – Tovuzun “Turan” klubunda baş məşqçi olaraq çalışmış türkiyəli mütəxəssis Naci Şensoyun fikirlərini öyrənib. Təcrübəli mütəxəssis “Fənər” azarkeşlərinin davranışından təəccübləndiyini bildirib:

“Fənərbaxça” klubunda 96/97 mövsümündə yuqoslav baş məşqçi Todor Veselinoviçlə birgə çalışmış bir məşqçi olaraq, dolayısı ilə “Fənərbaxça” camiəsini yaxından tanıyan biri olaraq çox təəccübləndim doğrusu. Atatürkün klubu olaraq bilinən “Fənərbaxça” tərəfdarına bu heç yaraşmadı. Və bu, talehsiz sloqanı atanları kiçik bir qrup olaraq qiymətləndirmək lazımdır. Yəni bunu bütün “Fənərbaxça” azarkeşlərinə şamil etmək çox yanlış olar. Nə olursa olsun, siyasəti idmana qarışdırmaq yaxşı olmadı.

Qaldı ki, Türkiyə millət olaraq bu məsələdə tərəfsiz qalmağı seçib. Hətta məzlum Ukraynanın yanında olmağı da çox daha doğru hesab edir. Məncə, “Fənərbaxça” rəhbərliyi çox ciddi bir analiz nəticəsində bu azarkeş qrupunu müəyyənləşdirər və varsa, mövsümi biletlərini rədd edər, ya da artıq bu cür hərəkət edən fanat qrupunu oyunlara buraxmaz. Ümid edirəm ki, UEFA “Fənərbaxça”ya ciddi cəza verməz. Bəlkə də, bundan sonra oynanılacaq UEFA matçlarına görə cəza verə bilərlər”.

“Fənərbaxça” “Dinamo”ya 1:2 hesabı ilə uduzaraq, iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button