
“Mən əminəm ki, Alonso “Real”a uyğun gəlir” – Sabiq futbolçu
“Bayern”in sabiq futbolçusu Lotar Matteus UEFA Çempionlar Liqasında “Mançester Siti” ilə oyunda uğursuz nəticə olacağı təqdirdə, istefaya göndərilə biləcəyi iddia olunan Xabi Alonsonun “Real”dakı vəziyyəti barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş oyunçu, Alonsonun öz fəlsəfəsi ilə komanda üçün doğru seçim olduğunu bildirib:
“Xabi Alonso yaxşı məşqçidir. O, Karlo Ançelottidən fərqlənir. Ançelotti daha çox ata kimiydi, futbolçulara meydanda daha çox azadlıq verirdi.
Alonso isə intizam və meydandakı təşkilatlanmaya böyük önəm verir. “Real” Ançelotti dövründə daha çox fərdi ustalığa güvənirdi. Alonso yenə futbolçulara azadlıq verir, amma meydanda aparıcı oyunçulara daha böyük məsuliyyət yükləyir. Bu, Çud Bellingem və ya Vinisius Junior kimi futbolçulara uyğun olmaya bilər.
Onun üçün əsas olan fərdi oyunçu yox, komandadır. Bu yanaşma Leverkuzen “Bayer”ində də yaxşı işləyirdi. Floriаn Virts (hazırda “Liverpul”da çıxış edir) özünü sərbəst hiss etsə də, amma Alonso bütün futbolçularından müdafiəyə qoşulmağı tələb edirdi. Oyunçu bundan narazıdırsa, deməli, onunla problem yaşayacaq”.
Matteus vurğulayıb ki, komandada açıq ünsiyyət vacibdir, amma son sözü deyən baş məşqçidir:
“Məşqçi qərar verir – komanda necə oynayır və kim meydana çıxır. Mən əminəm ki, Alonso “Real”a uyğun gəlir, amma özünəməxsus şəkildə”.
Çempionlar Liqasının 6-cı turunda baş tutacaq “Real” – “Mançester Siti” qarşılaşması sabah, saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin



