Mircavadov: “Yerli yoxdur da, deyirlər xarici olsun” – Müsahibə

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Komanda.az saytına müsahibəsi:

  • Ağasəlim bəy, Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərlə bağlı son durum nə yerdədir?
  • Namizədlər var, amma bilinmir. Rəhbərlik özü həll edir.
  • Sizin xəbəriniz yoxdur?
  • Xeyr, heç bir məlumatımız yoxdur. 32 namizəddir, aralarında yerli məşqçi yoxdur, hamısı əcnəbidir. Başqa bir məlumat yoxdur.
  • 32 namizəd arasında bircə nəfər də olsun yerlinin olmaması düzgün seçimdirmi?
  • Deyə bilmərəm.
  • Məşqçilər Komitəsinin üzvüsüz, fikriniz maraqlıdır, niyə namizədlər arasında yerli mütəxəssis olmamalıdır?
  • Yerli yoxdur da, deyirlər xarici olsun. Biz özümüz həmişə yerlilər üzərində dururuq, indiki yerlilər də cavanlardır. Yenidən görüşəcəyik, danışacağıq. Bir də söhbət edəcəyik. Hələ heç bir informasiya yoxdur ki, biz də nəsə deyək.
  • Abdullah Avcının da adı varmı namizədlərin siyahısında?
  • Bəli, var.
  • Sizcə, Avcı Azərbaycan millisi üçün uğurlu seçim olar?
  • Mən ona qarşı oynamışam, Antalyada, “Xəzər Lənkəran”da işləyən zaman. Uğurlu seçim olmağı haqda nəsə deyə bilmərəm. Hələ heç bir məlumat yoxdur. Yalandan niyə deyim ki, o belə, bu belə?
  • Ağasəlim bəy, Azərbaycan milli komandasının AÇ-2020-dəki oyunlarında ən çox ön plana Emil Balayevlə Ramil Şeydayev çıxırdı. Ancaq indi ikisi də klubsuz qalıb…
  • Həə, bu başqa məsələ (görünür, bayaqdan verdiyimiz suallar Mircavadovun ürəyincə deyilmiş – Ş.C). Mən hər iki oyunçu haqda hər zaman demişəm ki, oynamalıdırlar, oyun praktikaları olmalıdır. Emil özü xaricə getmək istəyirdi, kifayət qədər də yaxşı oynayırdı, hətta əla idi. Ancaq indi qalıb belə. Futbolçu oynamayanda keyfiyyətini itirir. Hər iki futbolçunun klubsuz qalması çox mənfi cəhətdir. Burda artıq onların menecerləri hərəkət etməlidir. Yaxşı menecerin olmağı futbolda əsas amillərdəndir.
  • Həm Emilin, həm də Ramilin Azərbaycana qayıtmaq variantı var. Siz necə düşünürsüz, qayıtmalıdırlarmı?
  • İstərdim ki, ikisi də xaricdə oynasın. Burda oyun praktikası, çempionat başqadır. Məndə olan məlumata görə, Ramil Şeydayev “Krılya Sovetov”a qayıtmışdı, ancaq sonra anlaşılmazlıq oldu. Ona görə alınmadı.
  • Premyer Liqada qış fasiləsindən sonra artıq iki tur keçirilib. Son turun “Qarabağ” – “Neftçi” matçı (0:0) haqda nə deyə bilərsiz?
  • Oyunları izləyirəm. Oyun idi, oynadılar da. Məni hesab maraqlandırmırdı, əsas gərgin oyun olması idi. Ancaq fikrimcə, belə oyun alınmadı.
  • “Neftçi”də baş məşqçi dəyişikliyi oldu. Sizcə, Füzuli Məmmədov “ağ-qaralar”da nələri dəyişə bilər?
  • Antalyada olanda Kiyev “Dinamo”su ilə oyuna baxmışdım. “Neftçi”də iş çoxdur. Görülməli çox şey var. Əsas odur ki, komandanın futbolçuları baş məşqçiyə inansınlar.
  • Yəqin ki, “Neftçi” ilə yanaşı, digər klubların da Antalyadakı oyunlarına baxmısız. Hansı komandalarda güclənmə müşahidə etmisiz?
  • Bəzi yoxlama oyunlarına baxmışam. Çünki U-19 yığmasıyla getmişdim. Vaxt olanda klubların oyunlarına baxırdım. “Qarabağ” və “Səbail”in də oyunlarına baxmışam.
  • Hazırlıq dövrünü necə dəyərləndirirsiz?
  • Bilirsiz, biri var qış hazırlığı, biri də var yay. Qış hazırlığında oyunlardan çıxırsan və qarşıda matçların da olur. Çalışırsan komanda tez uyğunlaşsın və oyununu göstərsin. Ancaq yayda artıq vaxtın olur ki, komandanı yaradıb, hazırlaşasan. Bu isti ilə soyuq kimidir. Qış toplanışı bütün klublar üçün yüksək səviyyədə keçdi. Ən sevindirici hal odur ki, bu il yağış yağmadı, yaxşı havalar oldu. Antalyada elədir ki, yağış başlayanda iki-üç gün davam edir. Artıq bütün komandaların çempionata hazır olduğunu düşünürəm. İki tur keçib və üçüncü daha gərgin olmalıdır, görək də. Medallar uğrunda mübarizə olmalıdır.
  • Sizcə, “Neftçi” “Qarabağ”la arasındakı 8 xallıq fərqi aradan qaldıra biləcək?
  • Yox, ağlım kəsmir. Çünki “Qarabağ” bu çempionluğu əldən verməz.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button