
Ərəblər Rafinya üçün 80 milyon avroluq təklif hazırlayır
“Barselona”nın hücumçusu Rafinya karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az “RadioCAT”-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun gələcəyi dünya çempionatından sonra dəqiqləşəcək. Hazırda onun Kataloniya klubunda qalacağına tam zəmanət verilmir.
“Əl-Hilal” 28 yaşlı forvardın transferi üçün 80 milyon avroluq ilkin təklif hazırlayır. Bildirilir ki, “Barselona” rəhbərliyi futbolçunun ayrılmaq istəyi olacağı təqdirdə, onun transfer prosesini asanlaşdırmağa hazırdır.
Rafinya “Barselona”ya 2022-ci ildə, “Lids”dən 58 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin 30 iyununa qədərdir.
O, 2025/26 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



