“Qarabağ”ın 8 futbolçusu milli komandalara çağırıldı
“Qarabağ”ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb.
Komanda.az xəbər verir ki, Ağdam klubunun 2 futbolçusu – Amin Ramazanov və Nəriman Axundzadə Azərbaycanın U-21 milli komandasının Bakıda keçiriləcək toplanışına dəvət alıblar. Yığmamız martın 22-də İngiltərə, martın 26-da isə Ukrayna ilə qarşılaşacaq. Hər iki oyun “Azersun Arena”da keçiriləcək.
Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının düşərgəsinə yollanıblar. Onların heyətində olduğu milli martın 21-də Belarus, 4 gün sonra Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Yassin Benzya Əlcəzair millisinə çağırılıb. Afrika qitəsinin təmsilçisi martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçına çıxacaq.
Patrik Andrade Kabo-Verde millisinin heyətinə dəvət alıb. Yarımmüdafiəçimizin yer aldığı komanda martın 21-də Qayana, 4 gün sonra Ekvatorial Qvineya ilə matçda qüvvəsini sınayacaq.
Qapıçı Andrey Lunyovun çağırıldığı Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.
Digər qapıçı Luka Quqeşaşvilinin yer aldığı Gürcüstan millisi AÇ-2024-ün pley-off matçına çıxacaq. Gürcüstan martın 21-də Lüksemburqla görüşdə qalib gəlsə, final mərhələsinə vəsiqə üçün həlledici matça çıxacaq.
Bizi Facebook-da izləyin