Avropa birinciliyində qızıl medal qazanan cüdoçular Bakıya qayıtdı
Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində böyük uğura imza atan Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Bakıya dönüb.
Komanda.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.
Yarışda Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Azərbaycan təmsilçilərindən Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Digər cüdoçular – Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) isə nüfuzlu yarışı bürünc medalla başa vurublar.
Azərbaycanın yeniyetmələrdən ibarət millisi ümümi komanda hesabında Rusiya yığmasından sonra 2-ci yeri tutub. Yığma İsrail, Fransa, Almaniya, Ukrayna, Gürcüstan, Belçika, İsveçrə və İtaliya kimi ölkələri qabaqlayıb.
37 ölkənin komandalarının mübarizə apardığı qitə birinciliyinə Azərbaycan millisi 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılmışdı.
Bizi Facebook-da izləyin