
Azərbaycan futbolunun “yaralı barmağ”ı və Zaur Axundov
Rəşad Ergün
Azərbaycan Futzal Federasiyasının prezidenti, “Araz-Naxçıvan” futbol klubunun qeyri-rəsmi rəhbəri Zaur Axundov barəsində ev dustaqlığı qərarı verilib.
Axundovun “ilişməsinin” səbəbi isə oğurluq, acgözlükdür. Bunu biz demirik, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi deyir. Axundova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Səlahiyyətlərdən istifadə edib pul mənimsəmənin açması da elə oğurluq, acgözlükdür.
Zaur Axundov o şəxslərdəndir ki, Azərbaycan futbolunun ona, yoxsa onun Azərbaycan futboluna işlədiyi müzakirə edilə bilər.
Zaur Axundov o şəxslərdəndir ki, bu sahədə uzun illər ərzində olmasına baxmayaraq, Azərbaycan futbolunun “yaralı barmağ”ına bircə dəfə də olsun… məlhəm sürtməyib.
Zaur Axundov o şəxslərdəndir ki, Azərbaycan futbolu ondan qurtula bilməyib, bilmir və düzü, bundan sonra da qurtulacağını sanmıram.
Axundov özü guya kənarda dayansa belə, qohum-əqrabasını mütləq rəhbər postlara, “yağlı” vəzifələrə gətirəcək, gətirdəcək tiplərdəndir. Naxçıvanı təmsil edən “Araz-Naxçıvan” futbol klubu kimi.
Zaur Axundov qardaşını – Ramin Axundovu “Araz-Naxçıvan” klubunun prezidenti təyin et(dir)mişdi. O Ramin Axundov ki, hazırda siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır. Ramin Axundov 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham edilir.
O boyda Naxçıvanı təmsil edən klubun prezidenti siqaret qaçaqmalçılığı ilə məşğul imiş… “Molodes”!
O ki qaldı hələlik canını ev dustaqlığı ilə qurtaran Zaur Axundova, düzü, onun hansı işində, hansı postdakı əməllərinə görə cinayət məsuliyyətinə cəlb edildiyini anlamaq çətindir.
Zaur Axundovun təkcə son illərdə futbolda (və futzalda) tutduğu vəzifələri sayaq, özünüz qərar verin:
“Keşlə” klubunun Müşahidə Şurasının sədri – Zaur Axundov;
Futzal Federasiyasının prezidenti – Zaur Axundov;
“Araz” futzal klubunun rəhbəri – Zaur Axundov;
AFFA İcraiyyə Komitəsinin üzvü – Zaur Axundov;
Naxçıvan Futbol Federasiyasının prezidenti – Zaur Axundov
“Araz-Naxçıvan” futbol klubunun qeyri-rəsmi rəhbəri – Zaur Axundov…
Bizi Facebook-da izləyin



