Hər gün 1 aprel

Rəşad Ergün

Yazıçı, publisist, jurnalist, Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Orxan Fikrətoğlunun adını “Şamaxı” futbol klubunun idarə heyətinin üzvləri arasında görən kimi telefonu açıb, təqvimə baxdım. Yox, yox, bu, 1 aprel zarafatı deyildi. “Bozbaş bişirərkən içinə noxud atmaq lazımdır, lazım deyil”, “kələm dolması döyər, yoxsa yarpaq dolması” kimi suallar üzərində baş sındırmalı olan adam, peşəkar statusda olan klubun idarəçiliyinə gətirilib. Şamaxı ikinci dəfə batdı…

Nazim Süleymanov ad-soyadlı biri var. Xatırlayırsız? Adı, soyadı sizə tanış gəlir? “Neftçi” üçün tər töküb, Rusiyada çempion, bombardir olub, uzun illər Azərbaycan milli komandasının formasını geyinib, kapitan sarğısını daşıyıb. Özü də vaxtı ilə millinin oyunlarından yayınmaq üçün min bir bəhanə uyduran, hətta deyilənə görə, AFFA-nın o vaxtkı rəhbərliyindən pul tələb edən, indi isə Azərbaycan futbolunun çörəyini yeyən Vəli Qasımov kimi geyinməyib formanı. Əlindən, ayağından gələni edib, zəif, gucsüz milli üçün. Şərəfli futbolçu, futbol adamı həyatı yaşayıb Nazim Süleymanov.

Aktyor Fəxrəddin Manafovun, şoumen Bəhram Bağırzadənin, ölkənin baş aşpazı statusunda olan Orxan Fiktətoğlunun Azərbaycan futbolunda hansısa şəkildə, formada vəzifədə olması fonunda həmin Nazim Süleymanovun işsiz qalması, işsizlik bir yana, sanki bu adda biri yoxdur, heç olmayıbmış kimi davranılması 1 aprel zarafatı fason bir şeydir. İntəhası, hər gün olan 1 aprel zarafatı.

Fəxrəddin Manafov Azərbaycan kinosu üçün kimdirsə, Nazim Süleymanov Azərbaycan futbolu üçün odur, ondan daha artıqdır. Bəhram Bağırzadə Azərbaycanın şən və hazırcavablar klubu üçün hansı statusdadırsa, Nazim Süleymanov Azərbaycan futbolu üçün odur, ondan daha üstündür. Orxan Fikrətoğlu Azərbaycan kulinariyasına nə qədər lazımdırsa, Nazim Süleymanov Azərbaycan futboluna ondan min dəfə çox lazımdır.

Komediya filminə oxşayan Azərbaycan futbolundan indi də bozbaş iyi gəlir. Orxan Fikrətoğluna deyin, məsləhətdirsə, içinə noxud atsın…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button