Ouen ingiltərəli azarkeşləri sakit olmağa çağırdı

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen, dünya çempionatında Qana yığması ilə qolsuz heç-heçədən sonra komandanın ünvanına səslənən tənqidlərə münasibət bildirib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, qrup mərhələsində qeydə alınan bir nəticəyə görə İngiltərə millisinin turnirdəki perspektivlərini şübhə altına almağın düzgün olmadığını söyləyib:

“İngiltərə millisinin Qana yığması ilə qolsuz heç-heçəsinə verilən reaksiyalar fonunda hamımız bir qədər sakit olmalıyıq. Mən bunu yaşamışam və bilirəm ki, dünya çempionatının belə erkən mərhələsində bir oyun heç nəyi dəyişmir.

Bu, möhtəşəm çıxış idi? Xeyr. Məyusedici nəticə idi? Əlbəttə. Amma bəzi reaksiyalara baxanda elə təəssürat yaranır ki, İngiltərə millisinin çempionluq şansları bir gecədə yoxa çıxıb. Üç dünya çempionatında iştirak etmiş biri kimi deyə bilərəm ki, belə turnirlər bu cür işləmir.

Azarkeşlərin və ekspertlərin ən böyük səhvi hər matçın eyni ssenari üzrə keçəcəyini düşünmələridir. İngiltərə yığması Xorvatiya millisinə dörd qol vurursa, hamı növbəti oyunda da eyni nəticəni gözləyir. Xüsusilə, böyük turnirlərdə futbol belə işləmir”.

İngiltərə millisi iki turdan sonra 4 xalla DÇ-2026-nın L qrupunda lider mövqedə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button